Politoloqdan Kaspşikə ağır sözlər: Özünü işgüzar göstərməyə çalışır

14:45 25-07-2019 495

ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisi Anjey Kaspşikin yeganə fəaliyyəti Qarabağa səfərlər etmək və özünü işgüzar göstərməklə bağlıdır.

Bu fikirləri HerGun.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Kaspşikin dünən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edərək, qondarma rejim nümayəndələri ilə görüşməsini şərh edərkən deyib: 

“Sözügedən şəxs 25 ildən çoxdur, bu vəzifədə çalışır. Münaqişənin həllində heç bir irəliləyiş əldə etməyib. Ancaq aydındır ki, A.Kaspşik bu vəzifədən ona görə ikiəlli yapışıb ki, yaxşı maaş alır. O, polşalı diplomatdır, Polşadakı mənbələrdən məlumat verilmişdi ki, dəfələrlə onu Polşa Xarici İşlər Nazirliyində işə dəvət ediblər. Ancaq o, indiki vəzifədən qat-qat yüksək olan işə razılaşmayıb”. 

Politoloq bildirib ki, Kaspşik bu cür səfərlərin təfərrüatı ilə bağlı rəsmi Bakını məlumatlandırmalıdır. 

“Əgər məlumatlandırmırsa, bu, onun fəaliyyətinin Azərbaycana qarşı yönəldiyini göstərir. Azərbaycan tərəfindən də onun fəaliyyətindən narazılığa dair bir hesabat dərc olunmuşdu. Əsas məsələ bu adamın geri çağırılmasına nail olmaqdır. Amma hələ də o, sanki bizə gülürmüş kimi fəaliyyətinə davam etdirir və həmsədrlər içərisində də separatçı bölgəyə ən çox səfər edən də A.Kaspşikdir. 

Onun bu səfərlər zamanı keçirdiyi görüşlərdə danışdığı və müzakirə etdiyi məsələlər bizə məlum deyil. Bu səfərlər separatçılara sərf edir. Görüşləri onlar elə təqdim edirlər ki, sanki ATƏT artıq separatçıları qismən tanıyır və onların fikirlərini diqqətə alırlar”, - E.Şahinoğlu qeyd edib. 

O əlavə edib ki, bu cür görüşlərin keçirilməsi separatçı bölgədə münaqişənin həlli barədə nə düşünüldüyünü müəyyən etməyə imkan verir, ancaq indiki halda bu görüşlər şübhəli xarakter daşıyır. 

Qeyd edək ki, görüşlər zamanı Kaspşik təmas xəttindəki gərginliyi, aparılan monitorinqləri müzakirə edib. 

Samir İsayev