İsrailli politoloq: İranla uzunmüddətli müharibə Trampa sərf etmir

15:18 25-07-2019 420

İsrailli politoloq Yuri Boçarov HerGun.Az-a müsahibəsində Hörmüz boğazında ABŞ-İran qarşıdurması ilə bağlı vəziyyəti şərh edib.

- Səudiyyə Kralı bəyan edib ki, Vaşinqtona ölkə ərazisində amerikalı hərbçiləri yerləşdirməyə icazə verir. Təhlükəsizliyi təmin etmək üçün ilkin mərhələdə bu ölkəyə təqribən 500 amerikalı gedəcək.

Daha əvvəl verilmiş məlumata görə, Prezident Donald Tramp Yaxın Şərqə daha üç min amerikalı əsgər göndərəcək. Bu, regiondakı vəziyyətə necə təsir edəcək? Bu addım kimə qarşı yönəldilib və kimə xəbərdarlıqdır?

- Hazırda regional hadisələrin çoxu Birləşmiş Ştatlar-İran qarşıdurması müstəvisində baş verir. Vaşinqtonun nüvə sazişindən çıxmasına və ABŞ sanksiyalarının güclənməsinə görə Tehran bəyan edib ki, İran da daha əvvəl üzərinə götürdüyü öhdəliklərdən imtina etmək niyyətindədir və yeni razılaşma əldə olunmasa, uranı zənginləşdirməyi sürətləndirməklə hədələyib.

Amerikalılar bəyan edirlər ki, yalnız yeni şərtlər əsasında danışıqlara hazırdırlar. Yeni şərtlər Tehranın təkcə nüvə proqramını deyil, həm də ballistik raketlərin hazırlanmasını və regional siyasətini məhdudlaşdıracaq.

Bu təkliflər İran üçün qeyd-şərtsiz kapitulyasiyaya bərabərdir. Ali lider Əli Xamneyi İranın ABŞ-la müharibə aparmaq niyyətində olmadığını bəyan etsə də, Tehran Vaşinqtonla mübarizə aparmağa davam edəcək.

Bu mənada, ABŞ-ın Fars körfəzində hərbi mövcudluğunun güclənməsi hərbi həll yoluna variantına hazırlıq anlamına gəlir. Lakin unutmaq olmaz ki, BƏƏ-dəki ABŞ bazasında hərbi təyyarələr, Qətərdə bombardmançı təyyarələr, Dubayda dəniz donanması, Küveyt və Bəhreyndə isə minlərlə amerikalı hərbçi yerləşir. Birləşmiş Ştatlar regiona əlavə qüvvələr göndərməyə davam edir.

Eyni zamanda, Donald Trampın seçki mövsümünə qədəm qoyduğunu nəzərə almaq lazımdır, buna görə də amerikalı hərbçilər arasında ciddi itkilərin olduğu uzunmüddətli hərbi əməliyyatlar, eləcə də neft bazarlarında artan əsəbi durum ona sərf etmir.

Buna görə də regionda vəziyyətin gərginliyi məhz yaxın vaxtlarda lokal, lakin qısamüddətli müharibə qismində azalmalıdır, ya da vəziyyət prezident seçkilərinədək sakitləşəcək.

- 2017-ci ilin iyununda Səudiyyə Ərəbistanı daxil olmaqla, bir sıra ərəb dövlətləri Qətərlə diplomatik münasibətləri kəsdi. Türkiyə Qətərin müdafiəsinə qalxdı. Məlum olduğu kimi, Qətərdə üç ildən sonra futbol üzrə növbəti mundial keçirilməlidir, lakin cari ilin iyununda UEFA-nın keçmiş prezidenti Mişel Platini 2022-ci il dünya birinciliyini qəbul edəcək ölkənin seçimi haqqında iş üzrə saxlanılıb. Böyük idman yarışları ərəfəsində çox vaxt KİV-də bu turniri boykot etməyə dair çağırışlar artır. Bu mənada, amerikalı hərbçilərin Səudiyyə Ərəbistanında yerləşdirilməsi Qətərdə mundialın təşkilinə təhdid törədirmi?

- Qeyd etdiyim kimi, regionda onsuz da bir neçə min amerikalı hərbçi yerləşir, zərbə aviasiyası və hərbi-dəniz donanması cəmləşib. Buna görə də hazırda bir neçə min əsgər qüvvələrin vəziyyətinə, region ölkələri arasında münasibətlərə heç cür təsir etmir.

Unutmaq olmaz ki, ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası Qətərdə yerləşir. Regionda hərbi tapşırıqlar yerinə yetirilərkən həmin bazadan istifadə olunur. Orada dislokasiya edilmiş ABŞ hərbi kontingenti sayına görə Qətərin bütün silahlı qüvvələrinə bərabərdir, eləcə də Səudiyyə Ərəbistanında yerləşdirilmiş hərbi kontingenti üstələyir.

ABŞ ordusu hazırda Qətərdə sabitliyin təminatıdır və prinsipcə onun monarx rejiminin müdafiəçisidir. 2022-ci ilə hələ çox qalır, regionda elə partlayış təhlükəsi ab-havası var ki, heç kəs futbol çempionatına dair uzaq gələcəklə bağlı proqnozlar vermək istəmir.

Belə mötəbər turniri keçirməyə iddia edən istənilən ölkə ətrafında obyektiv səbəblərdən və pul qazanmaq üçün müxtəlif spekulyasiyalardan həmişə səs-küy və etiraz dalğası qaldırılır.

Rasim Babayev