Mustafa Şentop: “Ermənistanın mülki əhaliyə hücumunu dünya görməlidir” - FOTO

15:00 20-10-2020 410

“Ermənistanın mülki əhalini hədəf alması müharibə cinayətidir. Biz də onların etdiklərini bütün dünyaya göstərməkdə qərarlıyıq. Qarabağ Azərbaycanın torpağıdır. Tarix boyunca belədir”.

HerGun.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Gəncədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə savaşın ən çox zərər və mülki əhalinin vəfat etdiyi yerdir:

“Biz də buraya gəlib, hər şeyi gözümüzlə görmək istədik. Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi məsələsində daim onun yanında olub”.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı qardaşlara salamlarını çatdırıram. Gəncə və başqa şəhərlərə erməni hücumları onu göstərir ki, Azərbaycan haqlıdır. Biz də Azərbaycanın haqlı davasını dəstəklədik və dəstəkləyəcəyik. 

“Bugünkü beynəlxalq hüquqlara görə də Qarabağ Azərbaycanın torpağıdır. Ermənistanın Azərbaycan torpaqlarında işğalçı olduğu təsdiqlənib. Ermənistan Azərbaycan torpaqlarını şərtsiz olaraq tezliklə tərk etmək məcburiyyətindədir.

Müharibənin bir hüququ olmalıdır. Mülki əhali hədəf ola bilməz. Ermənistanın mülki əhaliyə hücumunu dünya görməlidir, amma biz təəssüf edirik ki, bu məsələdə guya yaxından maraqlanan ATƏT-in Minsk Qrupunun həmsədrləri Gəncədəki terrorunu görmürlər və qarşısını almırlar. Biz Azərbaycanın haqlı davasını sona kimi müdafiə edəcəyik”, - deyə o qeyd edib.

Fərdin İsazadə

FOTO: Ramil Zeynalov