EYOF-2019: Atletika və cüdoda medal şanslarımız

12:00 26-07-2019 616

Avropa Gənclər Olimpiya Festivalında altıncı yarış gününə start verilib.

HerGun.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün yeddi idman növündə təmsil olunacaq.

Bunlar idman gimnastikası, atletika, basketbol, həndbol, voleybol, üzgüçülük və cüdo yarışlarıdır.

Bu gün Azərbaycanın atletikada üç medal qazanmaq şansımız var. Belə ki, saat 18:10-dan etibarən Sabrina Zralova üç təkanla tullanma yarışının finalında çıxış edəcək.

Fəxriyyə Tağızadə, Bibixanım Qəmbərova, Nika Məmmədova və Lamiyə Vəliyevanın daxil olduğu qızlardan ibarət komandamız isə saat 19:15-də 4x200 metr məsafəyə qaçışın finalında qüvvələrini sınayacaqlar.

Saat 19:45-də isə 3000 metr məsafəyə qaçışın final mərhələsində Azərbaycanı təmsil edən portuqaliyalı legionerimiz Tomas Azevedu mübarizə aparacaq.

Medala daha çox ümidlərimizin olduğu cüdoda isə bu gün fərdi yarışlara yekun vurulacaq. Fərdi yarışların son günündə ağır çəkili dörd cüdoçumuz (üç oğlan və bir qız) mübarizə aparır. Bunlar Məhərrəm İmamverdiyev (-81 kq), Ruslan Nəsirli (-90 kq), Hüseyn Məmmədov (+90 kq) və Nərmin Əmirlidir (-70 kq).

Qeyd edək ki, medal sıralamasında Azərbaycan 20 medalla (doqquz qızıl, altı gümüş və beş bürünc) II sırada qərarlaşıb. İlk sırada 18 qızıl medalla Rusiya, III pillədə isə Türkiyədir. Qardaş ölkənin səkkiz idmançısı qızıl medal qazana bilib.

Səbuhi Musayev