“Expressbank”ın xalis mənfəəti son bir il ərzində üç dəfədən çox artıb

16:45 26-07-2019 905

Azərbaycan Respublikasında hazırda fəaliyyət göstərən banklar sırasında ilkin kommersiya banklarından olan “Expressbank” ASC 2019-cu ilin ikinci rübünün maliyyə hesabatını açıqlayıb.

Hesabata əsasən, bankın xalis mənfəəti ötən ilin II rübü ilə müqayisədə 3.15 dəfə artaraq 3.13 milyon manata çatıb. Həmçinin, son rüb ərzində bank öz aktivlərini 8.1 faiz və ya 26.2 milyon manat artıraraq dinamik inkişaf göstəricilərinə nail olub. Nəticədə, kapitalın illik gəlirlik göstəricisi 5.1 faizədək yüksəlib.

Bankın müştərilərə verdiyi kredit portfeli ötən ilin II rübü ilə müqayisədə 19.5 faiz, ilin əvvəlindən isə 10.4 faiz artaraq 245.35 milyon manat təşkil edib. Kredit risklərinin səmərəli idarə edilməsi nəticəsində portfelin problemli hissəsi isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.4 faizdən 1.2 faizə qədər azalıb.

İlin birinci yarısının yekununda bankın faiz gəlirləri 18.73 milyon manat, faiz xərcləri isə 5.15 milyon manat olub. Beləliklə, 13.8 milyon manat faiz mənfəəti əldə edilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 15.3 faiz artım deməkdir.

Kapitalın adekvatlıq səviyyəsinə görə bank yüksək nəticələr nümayiş etdirərək dayanıqlıq göstəricilərinə görə aparıcı sıralarda qərarlaşıb. Belə ki, cari ilin II rübünə I dərəcəli kapitalın adekvatlığı 39 faiz, məcmu kapitalın adekvatlığı isə 41 faiz təşkil edib.

Fəaliyyətini müştəri məmnunluğunun və xidmətinin yüksək səviyyədə saxlanmasına və hər bir müştərinin etibarlı tərəfdaşına çevrilməsinə yönəldən “Expressbank”da cari ilin yarısına əhalinin yerləşdirdiyi əmanətləri illik 17,3 faiz və ya 20.3 milyon manat artaraq 137.3 milyon manat təşkil edib.

Hesabatla daha ətraflı tanış olmaq üçün linkə keçid ala bilərsiniz: https://www.expressbank.az/reports

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.