Özəl sahələrdə də maaş arta bilər - VİDEO

20:54 19-06-2019 920

Düzgün iqtisadi siyasət nəticəsində cari ilin əvvəlindən ölkədə çox ciddi sosial paket təqdim olunur. Belə ki, 2019-cu ilin yanvarında 130 manat olan minimum əməkhaqqı mart ayında 180 manat idisə, sentyabrın 1-dən 250 manat təşkil edəcək.

İqtisadçı ekspert Elşad Məmmədovun sözlərinə görə, müstəqil Azərbaycanın yeni tarixində bu misildə artım heç vaxt olmayıb. Nəticədə yaranmış vəziyyət daxili bazarın genişlənməsinə, işgüzar fəallığın artmasına təkan olacaq.

Ekspert bildirib ki, minimum aylıq əməkhaqqının artırılması dövlət sektorunda çalışan və 250 manatdan aşağı əməkhaqqı alan şəxslərlə yanaşı, özəl sektorda çalışan, lakin həmin məbləğdən az alan şəxslərə də şamil olunur.

E.Məmmədov deyir ki, dövlət bu sərəncamın qüvvəyə minməsində stimullaşdırıcı rol oynayır. Çünki dövlət sektorunda, büdcə təşkilatlarında əməkhaqqının artımı büdcədən maliyyələşməyən sahələri də stimullaşdırıcı vasitələrlə maaşların artımına sövq edir.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, son illər vergi və gömrük sahəsində aparılan islahatlar nəticəsində büdcənin gəlirləri artıb:

"Bu da əməkhaqlarının artırılmasına şərait yaradır. 250 manat təşkil edən minimum aylıq əməkhaqqı isə hələ son deyil, çünki maaşlar yaxın gələcəkdə yenə qalxacaq".

Qeyd edək ki, minimum əməkhaqqı artımı dövlət sektorunda 600 min, özəl sektorda isə 350 min insana şamil edilib. Bu isə həmin istiqamətdə əlavə bir milyard manat vəsatin yönəldilməsi deməkdir.

Billurə Mikayıllı, Valeh Arifoğlu