“Jara”nın ikinci günündə “ulduz paradı” - FOTO

22:00 26-07-2019 698

Bu gün nüfuzlu “Jara-2019” beynəlxalq musiqi festivalının ikinci günüdür.

HerGun.Az xəbər verir ki, yüksək səviyyədə təşkil olunan əsrarəngiz festivalda Rusiyanın və Azərbaycanın məşhur ulduzları “Qırmızı xalı” üzərinə çıxaraq, yerli və rus media nümayəndələrinin suallarını cavablandırıblar.

Festivalın ikinci günündə qırmızı xalıda Filipp Kirkorov, Diana Arbenina, Denis Klyaver, Elina Çaqa, Serqey Jukov, Qriqoriy Leps, Stas Mixaylov, Brendon Stoun, “Otpetiye Moşenniki” qrupu, Jasmin, Sergey Kojevnikov, Anita Tsoy və digər Rusiyanın tanınmış sənətçiləri çıxış ediblər.

Gecəyə rəng qatan isə Azərbaycanın xalq artisti Aygün Kazımova, Brilliant Dadaşova, gecənin təşkilatçısı Emin Ağalarov və Azərbaycana “Avroviziya” sevinci bəxş edən Nigar Camal olub.

Xalq artisti Aygün Kazımova “Qırmızı xalı”ya həmkarı, Rusiyanın pop kralı Filipp Kirkorovla birgə gəlib.

“Diva” jurnalistlərlə söhbətində Filiplə yenidən birlikdə olduğu üçün xoşbəxt olduğunu dilə gətirib. Kazımovanın dəbdəbəli libası görənlərin diqqətini çəkib.

Həmkarı Aygün Kazımova ilə “soyuq müharibə” yaşayan Xalq artisti Brilliant Dadaşova “Qırmızı xalı”ya oğlu Cahadla qatılıb. Dadaşova qızılı və gümüşü muncuqlarla bəzədilmiş sinə və ayaq dekolteli şık libası ilə göz qamaşdırıb.

Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci yaşadan cazibədar müğənni Nigar Camal da həmkarları kimi “Qırmızı xalı”da diqqət çəkib. Nigarın əynində olan ağ libası onu gecədə sadə və incə göstərib.

Azərbaycanın Xalq artisti və “Jara”nın təşkilatçısı Emin Ağalarov isə qırmızı xalıya həyat yoldaşı Alena Qavrilova ilə birgə qatılıb.

Qeyd edək ki, artıq üçüncü ildir ki, paytaxtımızda yüksək peşəkarlıqla hazırlanan möhtəşəm “Jara-2019” beynəlxalq musiqi festivalı daha 2 gün davam edəcək.

Rəşad Əliyev