Qurban Qurbanov: Farer adaları iddialı danışır

10:15 17-11-2018 20

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün millimiz Bakı Olimpiya Stadionunda Farer adaları ilə qarşılaşacaq.

HerGun.Az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl istədiyimiz nəticəni əldə edəcəyimizə inandıqlarını bildirib:

“Oyunla bağlı çox danışmağa ehtiyac yoxdur. Sabahkı qarşılaşmaya komandanı pis hazırlamamışıq. Oyunu düzgün qurub, uğurlu nəticə qazanmağa çalışacağıq. Rəqibi də yaxından tanıyırıq, onlara qarşı oynamışıq. İddialı danışırlar, biz də iddialıyıq. Futbolçularımız ən yaxşı oyununu göstərməyə çalışacaq və rəqibin sürprizlərinə hazır olmalıyıq. Kosovo ilə oyunlarını izləmişik. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq. Təbii ki, oyunun gedişində müəyyən dəyişikliyə əl atacağıq.

Futbolçulardan əsas tələblərimdən biri oyun zamanı hücumda sayımızın çoxalması ilə bağlıdır. Mütləq deyil ki, meydana iki hücumçu ilə çıxaq. Ön xətdə yer alan futbolçulara hər zaman hücumçu kimi yanaşmışam. Məqsədimiz oyun üslubumuzu yaxşılaşdırmaqdır. Buna nail olmaq üçün dəyişikliyə ehtiyac olsa, edəcəyik. İstənilən halda, ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”.
 
Millimizin Almaniya III divizionunda çıxış edən hücumçusu Rüfət Dadaşov isə fikirlərini bu formada çatdırıb: 

“Komandamız üçün vacib oyun olduğunu bilirik. Əlbəttə, çalışmalıyıq ki, yekunda sevinən tərəf biz olaq. Öz oyunumuzu oynamalıyıq. Rəqibin heyətində ucaboylu futbolçular yer alıb, amma bizim də bu cür oyunçularımız var. Hücumçuyam, qol vurmalıyam. Ancaq Farer adaları və Kosovo ilə oyunlarda kimin fərqlənməsi yox, Azərbaycan milli komandasının qələbə qazanmağı vacibdir”.

Qeyd edək ki, bu görüş saat 21:00-da başlayacaq.

“İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq”

Səbuhi MUSAYEV