Rusiyalı alimlər 3D printerdə geyim hazırlamağı öyrəniblər

08:20 26-11-2020 346

Kosıqin adına Rusiya Dövlət Universitetinin Mühəndislik Mərkəzinin mütəxəssisləri 3D printerdə termoplastik poliuretandan ilk geyim materialları yaradıblar.

Bu barədə “Zvezda” xəbər yayıb.

Nümunələrin dekabr ayında “Vuzpromekspo-2020” sərgisində təqdim olunması planlaşdırılır.

Yeni çap texnologiyasını (iplərin bir-birinə toxunmasının analoqu) əldə etmək üçün elm adamları FDM (fused deposition modeling) texnologiyasından istifadə ediblər.

“FDM texnologiyası iplər bir-birinə yapışdıqları üçün parça kimi toxuma quruluşu düzəltməyə imkan vermir. Bunu lazerlə reallaşdırmaq mümkündür, ancaq bu halda materialın dəyəri dəfələrlə artacaq”, - deyə mütəxəssislər bildirib.

Bildirilir ki, 10x10 santimetrlik parça nümunəsinin qiyməti FDM texnologiyasından istifadə edildiyi təqdirdə 60-70 rubla (1.34-1.56 AZN), lazerlə hazırlanarsa, 5 min rubla (112 AZN) başa gələcək.

Yeni texnologiyanın yaradıcıları aşağı qiymət və əlçatanlığı ilə əlaqədar materialın geniş istifadəyə uyğun olacağını qeyd edirlər.