Füzulidə əhaliyə təhlükə yaradan COVID-19 xəstəsinə cinayət işi açılıb

15:00 28-11-2020 355

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Bu barədə Füzuli Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

Belə ki, Füzuli rayon sakini 1972-ci il təvəllüdlü İbişov Səlyan Allahverdi oğlu 20.11.2020-ci il tarixdə COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejimini pozub.

Şəxsi karantin qaydalarına əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 27-də Füzuli rayonu Mahmudlu-1 kəndi ərazisində həmkəndliləri ilə söhbət edərək təmasda olmaqla karantin rejimini kobud surətdə pozub, yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq, istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.