Koronavirus qripdən necə fərqlənir?

23:20 05-12-2020 330

Mütəxəssislər Azərbaycanda koronavirusa yoluxma, eləcə də koronavirusdan ölüm hallarının səbəbinin artmasının səbəblərindən biri kimi insanların özünümüalicə cəhdlərini göstərirlər.

Trend-in məlumatına görə, bir çox insanlar koronavirusa yoluxduqları zaman bunun mövsümi xəstəlik sayılan qrip olduğunu zənn edərək, həkim nəzarəti olmadan, özlərini müalicə etməyə çalışırlar.

Nəticədə mütəxəssislərin dediyi kimi, virusa yoluxan şəxsin səhhəti daha da pisləşir və o, həkimə gecikmiş halda müraciət edir. Bütün bunlar isə COVİD-19-a yoluxan şəxslər arasında ölüm hallarının artmasına da səbəb olur.

TƏBİB-dən verilən məlumata görə, bu iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.

Qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a yoluxma zamanı insan əvvəldə özünü sadəcə bir az narahat və zəif hiss edə bilər. COVİD-19-un simptomları yüksək hərarət və ya üşütmə, öskürək, nəfəs darlığı və ya nəfəs almaq çətinliyi, yorğunluq və zəiflik, əzələ və ya bədən ağrısı, baş ağrısı, qoxu və dad itkisi, boğaz ağrısı, burun tutqunluğu və ya axması, mədə ağrısı, ishal, ürək bulantısıdır.

Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, əzələ və ya bədən ağrısı, baş ağrısı, yorğunluqdur:

“Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə insanlar özlərini təcrid etsinlər və dərhal mütəxəssislərə müraciət etsinlər!”