SOCAR Rövnəq Abdullayevin əsas adamının həbs edilməsi xəbərini təkzib etdi

13:04 07-03-2019 956

Bir müddət öncə kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı məlumatlar yayılmışdı.

HerGun.az xəbər verir ki, SOCAR-da aparılan yoxlamanın təfərrüatı bəlli olub.

Aparılan araşdırma zamanı Azərbaycandan kənarda qurulan neft müəssisələri, podratçı şirkətlər və xaricə neft və neft məhsularının satışı prosesində ciddi qanun pozuntularının, maliyyə maxinasiyalarının, vergidən yayınmaların üzə çıxdığı bildirilir. 

Bu haqda xəbər verən şəxs deyib ki, SOCAR-ın əsasən xarici ölkələrdəki fəaliyyəti və beynəlxalq transfer prosedurlarında ciddi nöqsanlar olub, söhbət yüz milyonlarla manat vəsaitin göyə sovrulmasında gedir. 

Qanun pozuntuları ilə bağlı vergidən yayınma və maliyyə mənimsəmələri, dövlət vəsaitinin talanması və sair maddələrlə cinayət işi açıldığı da bildirilir. 

Hətta SOCAR-ın prezidenti Rövnəq Abdullayevin kassası sayılan, əsas fiqurlardan biri ARDNŞ təşkilatlarında olduğu kimi, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Əhmədzadə Ədnan Azər oğlunun saxlanıldığı və sonra da buraxıldığı qeyd olunur.

Yeri gəlmişkən qeyd edək ki, Ədnan Əhmədzadə SOCAR-ın beynəlxalq müstəvidəki fəaliyyətinin əsas icraçısı olan şəxslərdəndir. Onun SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin başına gətirilməsi də tasadüfi deyil.

Belə ki, ölkədən kənar bütün proseslərə nəzarət imkanı aşağı olduğundan o istiqamətdəki fəaliyyət zamanı mənimsəmələrə yol vermək daha asan olur. Bu baxımdan da, R.Abdullayev ən etibarlı adamını bu quruma rəhbər təyin edərək milyonlarla vəsaitin öz maraqlarına uyğun idarə olunmasına şərait yaradıb.

Ə.Əhmədzadənin bu prosesdə əsas müttəfiqi isə Azərbaycan neftinin satışı ilə məşğul olan və adı müxtəlif qalmaqallarda hallanan Rövnəq Abdullayevin qohumu Anar Əliyev olub.

Məlumat üçün bildirək ki, bir müddət öncə SOCAR, onun törəmə müəssisəsi olan “SOCAR Trading SA” şirkəti və sonuncu şirkətin təsisçilərindən biri olan Anar Əliyev (ARDNŞ prezidenti Rövnəq Abdullayevin qohumu) Azərbaycan neftinin satışından əldə olunan az qala bütün pulların mənimsənilməsində ittiham olunurdular. Özü də bu faktlar Azərbaycan mediasında deyil, Böyük Britaniyanın “Global Witness” şirkətinin araşdırmasında yer almışdı. Lakin sonra R.Abdullayev müxtəlif vasitələrdən istifadə edərək bu məsələnin qapadılmasına nail olmuşdu.

Müsahibimiz də bu faktı xatırladaraq deyib ki, hazırda SOCAR rəhbərliyi sonuncu yoxlamanın və Ə.Əhmədzadənin həbsi ilə bağlı məlumatın ictimailəşdirilməməsinə cəhd göstərir.(Unikal.org)

***

"Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) vergi yoxlamaları nəticəsində pozuntular aşkarlandığı və  şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin saxlanıldığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Millətinsəsi.info xəbər verir ki, bu barədə “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, vergi yoxlamaları ilə bağlı yanvar ayında SOCAR və Vergilər Nazirliyi birgə məlumat yaymışdı və həmin məlumatda bildirilmişdi ki, bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir:  "Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır. 

Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar ümumiyyətlə, əsassız və uydurmadır. Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər".