Politoloq: “Qarabağ klanı” Ermənistanda hakimiyyətə qayıtmayacaq

11:00 31-07-2019 1001

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovun HerGun.Az-a müsahibəsi:

- Ermənistan son bir neçə gündə Dağlıq Qarabağ münaqişəsi zonasında təxribatçı addımlar atır. Erməni snayperlər azərbaycanlı sərhədçilərin döyüş mövqelərini, eləcə də arxa cəbhədəki nəqliyyat vasitələrini atəşə tutublar. Bunadək isə bir neçə həftə ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində praktiki olaraq sakitlik hökm sürürdü. Birdən-birə nə baş verdi?

- Xatırlatmaq istəyirəm ki, Nikol Paşinyan hakimiyyətə gələrkən keçirdiyi mitinqlərdə çox şey vəd edən bəyanatlar verib. Həmin bəyanatlarda səsləndirilən fikrin mahiyyəti ondan ibarət idi ki, Ermənistan-Azərbaycan münaqişəsini yeni yolla həll edəcək. Lakin vaxt göstərdi ki, o, öz sələflərinin yolu ilə gedir və “Qarabağ klanı” nümayəndələrinin yol verdiyi səhvləri təkrarlayır.

Hazırda belə bir mənzərə alınır: Paşinyan istərdi ki, onun təxribatlarına güclü zərbə ilə cavab versinlər. Paradoks olsa da, müəyyən mənada bu, Paşinyanı qane edərdi, çünki ona Azərbaycanın guya təcavüzkar olduğunu və Bakı ilə danışıqlar aparmağın mümkünsüzlüyünü dünya birliyinə və beynəlxalq strukturlara nümayiş etdirmək lazımdır. Yeri gəlmişkən, Paşinyan Bakı ilə danışıqlardan dəfələrlə boyun qaçırıb.

Ermənistanın Baş nazirinə ölkəmizi sakitliyin pozucusu kimi göstərmək vacibdir, çünki bu onun apardığı siyasi xəttin məcrasına uyğun gələcək. Paşinyanın siyasi xətti beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam məhəl qoymamaqdan və atəşkəslə bağlı razılaşmaları pozmağa davam etməkdən ibarətdir. 

Lakin Paşinyan xatırlamalıdır ki, ölkəmiz düşmənin hər bir zərbəsinə ikiqat cavab verir və yekunda düşmən tərəfinin bütün atəş nöqtələrini susdurur.

Fikrimcə, burada Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlı daha bir səbəb var. Yəni Paşinyan bu gün özünü çox da inamlı hiss etmir. Birincisi, onun partiyasının daxilində artıq hansısa narazılıq baş verir və parlamentdə dəfələrlə bəyan ediblər ki, onlar danışıqlarda söhbətin nədən getdiyindən xəbərdar deyillər. Xarici işlər naziri Zöhrab Mnatsakanyanı parlamentə çağıraraq deyiblər ki, danışıqlarda baş verənləri bilməlidirlər. Bilmək istəyirlər ki, rəsmi Yerevanın bu görüşlərdə hansı dəqiq xətti var.

Bütün bunlara əlavə olaraq Ermənistan cəmiyyətində hansısa qütbləşmə başlayıb. Koçaryan, onun tərəfdarları, eləcə də Paşinyan üçün siyasi perspektivlər görməyən qüvvələr haradasa qruplaşacaqlar. Əlbəttə ki, onlar hələ Baş naziri aradan götürmək üçün güclü qüvvə deyillər. Lakin birmənalı olaraq qüvvələrin qruplaşması gedir, Paşinyan da bunu anlayır və görür. Paşinyan bu qüvvələrə primitiv üsullarla sübut etmək istəyir ki, o, bu kursun davamına əsaslanmış siyasi xəttə ciddi əməl edir və torpaqların tutulması və özgə ərazilər üzərində nəzarət siyasəti davam edəcək. Paşinyan öz fəaliyyəti ilə opponentlərinin əlindən sübutedici bazanı almaq istəyir.

Bu cəhd primitiv və miskindir, lakin əfsus ki, o, arada işləyir və bəziləri buna uyur, ümumən hesab edirlər ki, o, Ermənistanın gücünü saxlamaq və Azərbaycanın hərbi potensialına layiqincə qarşı çıxmaq üçün lazım olan hər şeyi edir.

- Robert Koçaryan müsahibəsində deyib ki, payızda ölkədə müxalif qüvvələrin birləşməsi gözlənilir. Həmçinin Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinin mümkünlüyünü qeyd edib. O vurğulayıb ki, Ermənistanda hazırda vəziyyət çox mürəkkəbdir, çünki Yerevanın dörd qonşusundan ikisi – Azərbaycan və Türkiyə ilə münasibətləri alınmayıb, İran ABŞ-ın qara siyahısındadır, mütəmadi sanksiya təzyiqi altındadır. Erməni KİV-ləri yazır ki, BMT-nin araşdırmalarına əsasən, 2025-ci ildə Ermənistanda ölüm hallarının doğumdan çox olacağı gözlənilir.

- Əlbəttə ki, Koçaryan arzu ediləni gerçək kimi göstərir və ola bilsin, hətta müəyyən məsələləri böyüdür. Lakin gerçəklik ondan ibarətdir ki, Paşinyan hakimiyyəti gündən-günə özünü daha çox nüfuzdan salır. Növbədənkənar parlament seçkilərinin payızda, yaxud qışda ola biləcəyini deyə bilmərəm, bunu vaxt göstərəcək. Hazırda bu barədə fikir söyləmək hələ çox tezdir, lakin Paşinyanın daxili siyasi vəziyyətlə bacarmadığı və ölkədə sosial-iqtisadi inkişafı təşkil etmək iqtidarında olmadığı açıq-aşkardır. Baş nazirə qarşı çıxan opponentlər bu amildən istifadə edəcəklər, çünki bu, çox sərfəli mövqedir və ondan çox yaxşı istifadə etmək olar.

Yəni miqrasiya davam edir, kütlələrdə ardıcıl və sistemli narazılıq baş verir. Daxili siyasi sabitlikdən əsər-əlamət yoxdur. Öz partiyasının daxilində tənqid və Paşinyana qarşı çıxan qüvvələrin birləşməsi yekunda Baş nazir və onun komandasının iflasına və məğlubiyyətinə gətirib çıxara bilər. Bunun baş verməməsi üçün onlar hansısa fors-major addımlar atmalıdırlar.

Lakin mən bunu görmürəm, çünki vədlər və bəyanatlar çox olub. Paşinyan hətta demişdi ki, o, 2019-cu ili “iqtisadi inqilab ili” etmək istəyir. Ölkə isə mahiyyət etibarilə getdikcə geriləyir.

Buna görə də yəqin ki, Koçaryanın sözlərində müəyyən rasional məna var, hərçənd ola bilsin ki, bəzi şeyləri şişirdir. Ümumilikdə mövcud vəziyyət həqiqətən də Paşinyana qarşı işləyir.

- Tutaq ki, Paşinyan ölkədə hakimiyyəti itirir. Onu Ernənistanın lideri qismində əvəzləyəcək ən real imkanlara kim sahibdir?

- Mən “Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə gələcəyini hesab etmirəm, çünki erməni cəmiyyəti Paşinyanın siyasi sələflərindən doyub. Və düşünmürəm ki, onlar uzun müddət hakimiyyətdə olanlar və ölkəni belə fəlakətli vəziyyətə salanları seçməyəcəklər.

Lakin fikrimcə, hər halda vəziyyəti düzəltməyə çalışacaq qüvvələr ortaya çıxa bilər. Onların Qərb, yaxud Rusiyayönümlü olacaqlarını indidən demək çətindir. Amma Ermənistanın özü sərbəst deyil və istənilən halda burada, məsələn, yeni siyasi qüvvələrin hakimiyyətə gəlişində Rusiya amili çox güclü olacaq.

Bu siyasi qüvvələr yəqin ki, Paşinyan və onun komandasının yol verəcəyi ciddi səhvlərin və proseslərin təsiri altında formalaşacaq. Və bu, Baş nazirin münasibətləri çox ciddi şəkildə pozduğu daxili siyasi qüvvvlər və güclü dövlətlər, o cümlədən Rusiya tərəfindən istifadə ediləcək.

Buna görə də, zənnimcə, bu, hansısa yeni birləşmiş qüvvələr olacaq. Onlar yaxın vaxtlardan etibarən (yəqin ki, bu prosesi başlayıblar) Paşinyanı uğursuz siyasi xadim kimi nüfuzdan salmaq üçün hər şey edəcəklər.

Rasim Babayev