SOCAR büdcəyə ödənişləri artırıb

12:54 31-07-2019 596

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) cari ilin I yarısında dövlət büdcəsinə 741,326 milyon manat ödəniş edib.

Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz, yaxud 19,705 milyon manat çoxdur.

Qeyd edək ki, SOCAR Prezident İlham Əliyevin strateji kursunu rəhbər tutaraq, ötən 10 ildə idarəetmə, maliyyə, kadr siyasəti, təchizat – bir sözlə, bütün sahələrdə islahatlar həyata keçirib, əməliyyat effektivliyini yüksəldib. Şirkət bu məqsədlə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək, yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırıb, qlobal bazarları kəşf etməyə başlayıb. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrilib.

Bu gün SOCAR qlobal enerji layihələrində dəyər zənciri üzrə bütün mərhələlərə investisiya qoyur, şaquli inteqrasiya strategiyası ilə gəlirlərini optimallaşdırır və ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır. Bunun nəticəsidir ki, şirkət 2018-ci ildə əldə etdiyi gəlirlərin 94 faizini xarici bazarlardan qazanıb. Halbuki 2009-cu ildə bu nisbət 34 faiz olub.