Arvadının başını kəsən şəxsin məhkəməsi təxirə salındı

17:54 31-07-2019 598

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

HerGun.Az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Ənvər Quluyev məhkəməyə gəlməyib. 

Məhkəmə onun barəsində məcburi gətirmə qərarı çıxarılıb. 

Proses avqustun 29-dək təxirə salınıb. 

İttihama görə, bu ilin fevral ayında paytaxtın Binəqədi rayonunda 1970-ci il təvəllüdlü T.Qurbanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü M.Qurbanovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqanclıq zəminində törədib.

T.Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslərlə münasibəti olmasından şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə arvadına çoxsaylı bıçaq zərbələri endirib və boğazını kəsib.

Qeyd edək ki, onların birgə nikahdan 3 övladı var.

T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.