Ekspert: Qarabağ münaqişəsi Ermənistan üçün əbədi tələdir - MÜSAHİBƏ

21:00 01-08-2019 466

“BakuNetwork” Beynəlxalq Ekspert Şurasının direktor müavini Gülnarə Məmmədzadənin HerGun.Az-a müsahibəsi:

- Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyəti, o cümlədən, onun “Qarabağ klanı”nı təmsil edən eks-prezident Robert Koçaryanla bir neçə aydır davam edən qarşıdurması ilə səciyyəvidir. Paşinyan Koçaryan üçün ittiham hökmünün çıxarılmasına nail ola biləcəkmi? Ümumən hazırda Ermənistanda təşəkkül tapmış daxili siyasi və sosial-iqtisadi vəziyyəti necə qiymətləndirərdiniz?

- Ermənistanda olduqca mürəkkəb vəziyyət mövcuddur: bura xarici qüvvələrin, eləcə də öz növbəsində, xarici mərkəzlərdən idarə olunan müxtəlif siyasi qrupların ziddiyyətli maraqlarının toplusudur. Erməni diasporu amilini də nəzərə almaq lazımdır. Onun əsas nüfuz mərkəzləri ABŞ və Rusiyadır.

Yerevan qərarların qəbul olunma mərkəzi deyil, geosiyasi eksperimentlərin məkanıdır. Buna görə də biz həm Ermənistanın, həm də ayrı-ayrı siyasətçi və funksionerin kurslarının sərbəst olmaları barədə danışa bilmərik. Bura hazırda siyasi prosesin əsas fiqurları olan Baş nazir Nikol Paşinyan və eks-prezident Robert Koçaryan da daxildir. Birincisi, Soros qərargahının məzunudur, ikincisi isə Moskvadan idarə olunur. Hər ikisi, bir növ, müvəqqəti şəxslərdir.

Hazırda keçmiş dövlət başçısına qarşı ittiham hökmünün çıxarılmasına nail olunub-olunmayacağını demək çətindir. İndiki məhkəmə korpusu, əsasən, “Qarabağ klanı” dövründə təşkil edilib, onun əsasını qoyanlardan biri də Koçaryandır. Buna görə də onun şansı var. Paşinyanla birgə hakimiyyətə gələn siyasi qruplar hakimiyyətin iyini hiss ediblər, ona görə də onu asanlıqla əldən verməyəcəklər. Ermənistanda siyasi və iqtisadi böhran özünün pik həddinə çatmayanadək bu qüvvələrin qarşıdurmasını hələ müşahidə edəcəyik.

- Koçaryan da daxil olmaqla, bir çoxları düşünür ki, Paşinyanın hakimiyyətdən getməsinə çox qalmayıb. Paşinyanı devirəcək etiraz aksiyasının, çevrilişin, inqilabın baş vermə ehtimalı varmı? Göyçə gölü ətrafında və İcevanda xalqla hakimiyyətin qarşıdurması nə ilə nəticələnə bilər?

- Ola bilsin, Paşinyan hələ müəyyən müddət hakimiyyətdə qalsın. Hələlik onun şansı Koçaryandan çoxdur, lakin istənilən halda Ermənistan keçid dövrünü yaşayır və bütün bu şəxslər çox güman müvəqqətidirlər.

İndi Ermənistanda hər şey mümkündür, o cümlədən, erməni “inqilabı”nın növbəti mərhələsi kimi yenidən çevriliş baş verə bilər. Lakin sözdə erməni “inqilabı”nın iki təzahürü var: bir tərəfdən bu, xalq üçün “konfet” olub. Xalqı korrupsiyasız, oliqarxlarsız, cəlladlarsız, ucuz qazın olduğu “parlaq” gələcək vəd edərək aldadıblar. İkinci tərəfdən əməkdaşlarının sayına görə dünyada ikinci olan ABŞ-ın Yerevandakı səfirliyi Ermənistanla bağlı layihəsini işə salıb. Ermənistan həmişə xarici qüvvələrin aləti kimi istifadə olunur. XX əsrin əvvəlində Türkiyəyə, 1980-ci illərin sonunda SSRİ-yə, indi isə Rusiyaya və onun inteqrasiya strukturlarına qarşı istifadə olunur.

Hakimiyyətlə xalqın qarşıdurması növbəti qurbanlarla nəticələnəcək, lakin Ermənistanda bu cür ssenarilərə öyrəşiblər. Bu, hətta onların siyasi mədəniyyətinin tərkib hissəsidir. Ermənistanı Qarabağ münaqişəsindən çıxarmağa və qonşu ölkələrlə münasibətləri və sərhədləri açmağı bacaracaq sağlam düşüncəli siyasi qüvvələr meydana çıxmayanadək bu ölkədə heç nə dəyişməyəcək.

Lakin biz Ermənistanda hələlik belə meyillər görmürük, hərçənd Paşinyanın gəlişi ilə buna ümid edirdik. Bunun əksinə, Gürcüstana (Cavaxetiya), Abxaziya, hətta ermənilərin kompakt məskunlaşdığı Türkiyə və Rusiyaya münasibətdə təxribatçı erməni planlarının fəallaşması müşahidə olunur.

Qarabağ münaqişəsi Ermənistan üçün əbədi tələdir. Ermənistan xalqı özgə torpaqlara görə biabırçı müharibədə öldüyü və ya Yerevan meydanında, yaxud Göyçə gölü ətrafında hakimiyyətdən zərbələr aldığı müddət ərzində dünya erməni etnokorporasiyası ermənilərin maraqlarından uzaq olan vəzifələrini həll edəcək.

- Paşinyanın dövründə Qarabağla bağlı hansısa irəliləyiş gözləmək olarmı? “Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə qayıtması mümkündürmü?

- Paşinyan Baş nazir portfelini xilas edir, onun hazırda başqa məqsədi yoxdur. O, əvvəlcə sülməramlı rolunda çıxış etməyə çalışdı, lakin tez başa düşdü ki, bu yolla Ermənistanda hakimiyyəti möhkəmləndirmək olmaz. Buna görə də əks yolla gedərək aşkar hərbi təxribatlara əl atdı. Azərbaycan Paşinyana şans verərək cəmiyyətləri sülhə hazırlamaq haqqında niyyətlər fonunda danışıqları dəstəklədi. Lakin erməni Baş nazir öz vədlərini heç etdi və hətta hakimiyyətini möhkəmləndirmək üçün hərbi ssenarinin tətbiqi cəhdinə qədər endi. Və rəsmi Bakı müvafiq cavab vermək qərarına gəlsə, bu, Ermənistan rəhbərləri və onların kuratorlarının istədiyi vaxtda və formada olmayacaq.

“Qarabağ klanı”nın əvvəlki gücdə hakimiyyətə qayıdacağını düşünmürəm. Ola bilsin, Ermənistanda hələlik ikihakimiyyətlik sistemi qalsın, Paşinyan tərəfdən kompromis addımlar olsun. Məsələn, o, “Qarabağ klanı”nın nümayəndəsi, Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyanı xarici işlər naziri vəzifəsinə gətirə bilər. Yəni burada istənilən hiyləgər kombinasiyalar mümkündür.

- Paşinyanın üzərinə götürdüyü Ermənistan rəhbərinin məsuliyyət yükünü daşıya bilməyəcəyini əvvəlcədən təxmin etmək olardımı?

- Paşinyanı Gürcüstan və Ukrayna ərazilərində öz işini görmüş digər inqilabi liderlərə bənzədirdilər. Lakin Paşinyan, məsələn, Saakaşvilinin zəif surətidir. O, populizm dalğasında etibar edildiyi müddət ərzində nüfuzunu möhkənləndirmək gücündə olan konkret addımlar ata bilməyib. Üstəlik, Ermənistan Gürcüstan deyil, Moskva forpostunu asanlıqla əldən verməz. Amma indi Ermənistanda bu siyasi oyunun seansı hələ başa çatmayıb, ona görə də ən yaxşısı bu və ya digər tərəfin xeyrinə ilk ciddi arqumentləri gözləməkdir.

Rasim Babayev