“Azərsu” Saray qəsəbəsində yeni layihəyə başladı - FOTO

15:40 11-02-2021 333

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonunun Saray qəsəbəsində əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.

ASC-dən verilən məlumata görə, Saray qəsəbəsinin Yeni yaşayış massivi adlanan ərazisində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək.  

Layihə Bakı-Sumqayıt avtomobil yolunun yaxınlığından başlayaraq Saray qəsəbəsindən keçməklə Sumqayıt şəhərinə qədər böyük bir ərazini əhatə edir. Saray qəsəbəsinin Yeni yaşayış massivində mərkəzləşmiş kanalizasiya sistemləri olmadığından tullantı sularının axıdılmasında problemlər yaranır. Əhali tullantı sularını septik qurğulara (şambolara) və ya tikinti normalarına uyğun olmayaraq çəkilmiş fərdi xətlərlə yaxınlıqdakı sututarlara axıdır. Burada yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırlmasını təmin etmək məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və bu ilin yanvarından tikinti-quraşdırma işlərinə başlanılıb.