SOCAR ABŞ şirkətini daha aktiv olmağa çağırdı

23:36 15-06-2019 756

SOCAR Tower-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev ABŞ-ın “Honeywell Performance Materials and Technologies” (“Honeywell PMT”) prezidenti və baş direktoru Raciv Quatamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-ın rəsmi saytının məlumatına görə, qonaqları salamlayan R.Abdullayev “Honeywell PMT” şirkətlər qrupuna daxil olan UOP şirkəti ilə SOCAR arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib, bu əlaqələrin Türkiyədə STAR Neft Emalı Zavodunun (NEZ) inşası və Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası layihələrində daha da dərinləşdiyini bildirib.

SOCAR-ın prezidenti UOP təmsilçilərini modernizasiya prosesində daha aktiv olmağa dəvət edib.

“Honeywell PMT şirkətinin prezidenti və baş direktoru R.Qautam rəhbərlik etdiyi şirkətin STAR NEZ-in tikintisi və Heydər Əliyev adına NEZ-in modernizasiyası layihələrində yaxından iştirak etməsindən məmnunluğunu bildirib, şirkətə məxsus müasir emal texnologiyalarının Azərbaycanda tətbiqində, həmçinin azərbaycanlı mütəxəssislərin peşə təlimlərinə cəlb edilməsində maraqlı olduğunu vurğulayıb. 

Qeyd olunub ki, SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası layihəsində və Türkiyədə STAR NEZ-də bir sıra texnoloji qurğularda “Honeywell UOP” şirkətinin texnologiyalarından istifadə edir. Bununla yanaşı, “Honeywell PMT” şirkəti qeyd olunan hər iki layihədə Əsas Avtomatlaşdırma Podratçısı qismində iştirak edərək zavodları ən müasir avtomatlaşdırma sistemləri ilə təmin edir.

Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin səyləri və uzaqgörən siyasəti sayəsində hələ 1980-ci ildə hazırda onun adını daşıyan Neft Emalı Zavodunda UOP texnologiyası ilə ilk katalitik-riforminq qurğusu quraşdırılıb və bununla da bütün Sovet İttifaqında yüksək oktanlı benzinin istehsalına doğru mühüm addım atılıb.

“Honeywell UOP” (www.uop.com) emal texnologiyası, katalizatorlar, adsorbentlər, avadanlıq təchizatı və lisenziyası ilə məşğul olur, neft emalı, neft-kimya və qaz emalı üzrə konsaltinq xidmətləri göstərir. “Honeywell UOP” şirkəti “Honeywell’s Performance Materials and Technologies” strateji biznes qrupunun bir hissəsi olub, neft-qaz, emal, neft-kimya, kimya və digər sənaye sahələrində avtomatlaşdırma proseslərinin pioneridir. (www.honeywellprocess.com)