“Arşın mal alan” kimi kino çəkənlərimiz indi haradadır? - Kinomuzun 121-ci ili

14:45 02-08-2019 18

Bu gün 121 yaşını qeyd etdiyimiz Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır.

“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” adlı ilk qısametrajlı filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilib. 

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan” (1945), “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Lakin Azərbaycan kino sənayesinin bugünkü vəziyyəti acınacaqlıdır desək, yanılmarıq.

Kinomuzun bu günü ilə bağlı HerGun.Az-a açıqlama verən kinorejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycanın kinoya pul ayıran, kömək edən yeganə dövlət olduğunu bildirib:

“Amma təəsüflər olsun ki, təsadüfi insanlar dövlətin ayırdığı pula bəzən nəzarət edə bilmir. Hətta kino üçün ayrılan vəsait düzgün paylaşdırılmır. İnanıram ki, bu da yavaş-yavaş yerinə düşəcək. 

Ümumiyyətlə, kino Azərbaycanın əbədi və əzəli ən möhtəşəm, nəhəng ideoloji təbliğat vasitəsi, tarixi və bütün mədəniyyətin atasıdır. Mədəniyyətlərin heç biri kino ilə müqayisə oluna bilməz. Çünki hər şey kinonun içərisindədir.

Kino adamlarına mütləq xüsusi diqqət göstərilməlidir. Kinoya kənardan gəlib, çəkilib gedən və dəvətlə gələnlər də var. Amma bu sahəni yaradan, ona xidmət edən, bütün həyatını kinoya bağlayanlar da mövcuddur. Bu gün ilə bağlı hər şey peşəkar kinoya bağlı şəxslərə verilməlidir. Çünki bəzən peşəkar kino adamlarımız yaddan çıxır. 

İncəsənətin digər sahələrində çalışan dostlar, həmkarlar haradansa qazanc əldə edə bilirlər. Məsələn, rəssamlar sərgi açırlar, musiqiçilər konsertlərə və toya gedirlər. Amma kino adamlarının heç yerdən gəliri yoxdur.  

Ona görə də həyatını, sağlamlığını, ailəsini  kinoya qurban verən insanlar nəzərə alınmalıdır. Çünki bu peşəyə aiddiyyəti olmayanlar bizim hesabımıza gəlib qazanc əldə edib gedir”.  

Şeyx Əbdül kino adamlarının bu sahəyə rəhbərlik etməli olduğunu qeyd edib:

“Heç bir zaman kənardan gələnlər kinoya rəhbərlik etməməlidir. Kinonun taleyi peşəkar, həyatını kinoya həsr edən yüksək elmli, savadlı insanların əlində olmalıdır. 

Kinonun vəziyyəti yavaş-yavaş düzəlir. Son zamanlar çəkilən filmlərin həm yaxşısı, həm də pisi var.

Eyni zamanda çox istedadlı gənclərimizin kinoya axını davam edir. Peşəkarlar həmin gəncləri seçib onların arxasında durur. Yavaş-yavaş təsadüfi insanlar ələnəcək”.

Sevinc Yasinqızı