Erməni əsilli baş nazir rəsmi Kanberranı işə saldı

13:18 03-08-2019 638

Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na salınmış Avstraliyanın Yeni Cənubi Uels ştatının baş naziri Qledis Bereciklyan, görünür, rəsmi Kanberranı çətin vəziyyətə salmaq qərarına gəlib.

Belə ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin nümayəndələri bu günlərdə Avstaliyada “işgüzar səfərdədirlər”. Nümayəndə heyətinə özünü Dağlıq Qarabağın “xarici işlər naziri” kimi təqdim edən Masis Mailyan başçılıq edir.

Heç bir şübhə yoxdur ki, Qarabağ separatçılarının Avstraliyaya “səfəri” çərçivəsində yerli dövlət strukturlarının rəsmi nümayəndələri ilə görüşlərin təşkil edilməsində məhz Q.Bereciklyanın əli var. O, 2013-cü ildə Yeni Cənubi Uels ştatı parlamentinin deputatlarından ibarət heyətin tərkibində Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz gedib.

Bununla belə, avstraliyalı deputatların Qarabağ separatçıları ilə “qardaşlaması”na Avstraliyanın beynəlxalq imici uğrunda mübarizə aparan rəsmi Kanberra haqq qazandırmalı olacaq. Axı, Avstraliyanın Yaşıllar Partiyasının lideri, senator Riçard Di Natale, Avstraliya Senatının Xarici əlaqələr komitəsinin sədri Erik Abets, eləcə də Yeni Cənubi Uels ştatının parlamentinin nümayəndələri M.Mailyanla separatçı Dağlıq Qarabağ rejimi ilə əməkdaşlığın inkişafı haqqında danışıqlar aparıblar.

M.Mailyanın Avstraliyaya səfəri yerli “Hay dat” erməni diaspor təşkilatının dəvəti əsasında həyata keçirilir, lakin təşkilatın üzvlərinin avstraliyalı deputatları və siyasətçiləri separatçı rejimin nümayəndələri ilə əməkdaşlıq məsələlərini müzakirə etməyə inandırmaları olduqca şübhəlidir, axı beynəlxalq separatçılıqla barışmaz mübarizə müasir dünyanın əsas vəzifələrindən biridir.

Q.Bereciklyan istənilən halda Avstraliya dövlətinin işinə zərər vurdu. HerGun.Az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən “səfər”in təfərrüatını araşdırır.

Rasim Babayev