Güləşçilərimizdən dünya çempionatında növbəti “qızıl” və “gümüş”

21:27 03-08-2019 433

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.

HerGun.Az xəbər verir ki, altıncı yarış günündə Azərbaycan yunan-Roma güləşində ilk qızıl medalını qazanıb.

Əvvəlcə Ziya Babaşov (-48 kq) finalda iranlı güləşçi Əmirrza Məhəmmədrza Dehbozorqi ilə qarşılaşmada son dəqiqədə üstünlüyü əldən verərək 1:3 hesabı ilə uduzub.

Ziya gümüş medalı boynundan asıb.

Nihat Məmmədli (-55 kq) isə Avropa çempionluğundan sonra dünyanın da ən güclüsü olub.

Həlledici qarşılaşmada Hindistan təmsilçisi Pravin Panduranq Patilə 9:0 qalib gələn Nihat qızıl medal qazanıb.

Qeyd edək ki, Azərbaycan bu dünya çempionatında daha əvvəl sərbəst güləşdə bir qızıl və bir bürünc medal qazanıb.

Onu da bildirək ki, sabah - sonuncu gündə Azərbaycanın daha iki yunan-Roma güləşçisi finalda çıxış edəcək.

Səbuhi Musayev