Zakir Fərəcovun "əvəzolunmaz kadrını" Əziz Əzizova bağlayan səbəblər...

13:51 11-03-2021 786

Media üzərindən aparılan araşdırmalar və narazı yerli əhalinin dedikləri bir daha təsdiq edir ki, Fuad Cəbrayılov tutduğu heç bir vəzifəyə layiq kadr olmayıb

Rəhbər kadrları tərəfindən, indiyədək, Abşeronun adı bəxti gətirən rayonlar sırasında çəkilməyib. Çünki burada həmişə qanunlar bir qrupun maraqlarına tabe edilib. Rüşvəti və korrupsiyanı özünün iş prinsipinə çevirən bu qruplaşma isə, rayonda bütün sahələri tamamilə ələ keçirib. Bu isə, vətəndaşlar arasında kütləvi narazılığın yaranmasına səbəb olub.

Elə, araz.az xəbər portalının Abşeronda önəmli vəzifə postlarını tutan, hətta, uzun müddət bu rayonun İcra Hakimiyyətində başçı müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini ələ keçirməyi bacaran Fuad Cəbrayılovun bəd əməllərindən bəhs edən ötən yazılarındakı mövzunun ana xəttini də, bu deyilənlər təşkil edib.

Onun ölkədəki bu həssas məqamda birdən-birə nədən Suraxanıya başçı müavini aparılmasına, onun bu mühüm posta təyinatının indiyədək nə səbəbdən gizli saxlanılmasına toxunmağımız isə, böyük oxucu marağına səbəb olub.

Ortadakı bu xüsusi maraq həm də ondan doğub ki, həmin yazılarda, Abşeronun sabiq, Sumqayıtın indiki icra başçısı Zakir Fərəcovun "sağ əli" və "əvəzolunmaz kadrı" kimi, uzun zaman gündəmdən düşməyən Fuad Cəbrayılovu, Suraxanı rayonunun icra başçısı Əziz Əzizova nələrin bağlamasına da, xüsusi bir yöndən toxunulub.

Üstəlik, Abşeron Rayon İcra Hakimiyyətinin binasında aparılan məlum əməliyyatın əsas motivləri də, həmin yazılarda yer alıb.

Qeyd edilib ki, keçirilən əməliyyat zamanı rayon icra başçısı müavinlərinın hamısı saxlanılıb. Xüsusi olaraq o da vurğulanıb ki, vaxtilə, adı MTN işində və bir çox rüşvət qalmaqallarında hallanan, tutduğu vəzifələrdə törətdiyi qanunsuzluqlara görə, dəfələrlə, həbs təhlükəsi ilə üz-üzə qalan, lakin arxasında duranların köməyi ilə, bu təhlükələrdən canını qurtaran başçı müavini Fuad Cəbrayılov da onların arasında olub. Di gəl ki, bu dəfə də, arxa-dayaqlarından biri olan Zakir Fərəcov özünün "sağ əlini" bu təhlükəli həbsdən qurtara bilib. 

Araşdırmalar zamanı üzə çıxarılan inkarolunmaz faktlara, eləcə də araz.az-a daxil olan digər ciddi iddia və ittihamlara görə, Abşerondan Suraxanıya transferi hektarlarla torpaq sahəsinin iki rayon üzrə paylanışındakı maxinasiyalarla daha çox bağlı olan Fuad Cəbrayılovun, 2016-cı ildən bir qrup iş adamı ilə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında davam edən, getdikcə daha da şiddətlənən məlum milyonluq borc qalmaqalında da adı keçib.

Xatırladırıq ki, bu qalmaqal Sumqayıtdakı Dənizkənarı Bulvarın tikintisi ətrafında yaranıb və bu günədək həllini tapmayıb. Və baş verənlərdən dolayı, rəsmi qurumlara edilən şikayət xarakterli müraciətlərə məhəl qoymayan icra başçısının əsas arqumenti isə, pulun ödənilməsini iddia etməsidir.

Bir neçə sahibkar tərəfindən həyata keçirilən və smeta dəyəri 12,8 milyon manat təşkil edən bu prosesin detallarından məlum olur ki, Dənizkənarı Bulvarın tikintisində, ümumilikdə, onlarla şirkətin 600 nəfərə yaxın fəhləsi işləyib. Bütün işləri görmək üçünsə, onların hesabına vur-tut 3 milyon 460 min manat nağd, 10 min manat da köçürmə yolu ilə pul ödənilib.

Zakir Fərəcov bu puldan əlavə, 1 milyon 50 min manat da fəhlələrə ödəyib. İş adamlarının dediklərindən məlum olur ki, Zakir Fərəcov Bulvarın tikintisinə ayrılmış pulların qalan hissəsini "otkat" yolu ilə özünə və ətrafında olan yaxınlarına götürüb. Elə, Fuad Cəbrayılov da, Sumqayıt şəhər icra hakimiyyətinin başçı müavinləri Gündüz Əliyevlə və Adil Xudadatovla bərabər, həmin "otkat puldan" faydalananlardan olub, onlar da özlərinə, məhz həmin Bulvarda və digər ərazilərdə şəxsi obyektlər - restoran, tennis kortu inşa etdiriblər.

Qanun dövlət məmurunun bizneslə məşğul olmasını qadağan etsə də, adlarını çəkdiyimiz bu məmurlar heç vaxt qanuna məhəl qoymayıblar. Bu isə o deməkdir ki, dövlətin pulu ilə özlərinə sərvət toplayan bu şəxslər məmur yox, dövlətin düşmənidirlər.

Ümumiyyətlə, bu iş prosesinin bir çox maraqlı məqamlarını da üzə çıxarmaq mümkün olub. Hamısı da, dövlətin ayırdığı pulların, Zakir Fərəcovla bərabər, həmin məmurların hara "xərcləmələri" ilə bağlıdır. Bunun özü talançılıq, dövlət malına göz tikmək deməkdir və bir qolu da, birbaşa Fuad Cəbrayılova gedib çıxır. İş görən həmin sahibkarlar isə, 2016-cı ildən bu günə qədər pullarını ala bilmirlər.

Zakir Fərəcovla bərabər, Fuad Cəbrayılov kimi, onun ətrafında birləşən digər mühüm vəzifə sahibləri də, min hoqqadan çıxırlar ki, onların halal pullarını verməsinlər. Elə, onlar tərəfindən, yuxarı dairələr də, iyrənc şəkildə aldadılır.
Zakir Fərəcov və onunla əlbir olanlar, daha çox isə, Gündüz Əliyev və Fuad Cəbrayılov da, həmin şirkətlərə ödənilməli olan bütün pulun 30 faizini onlardan tələb etməkdən belə çəkinməyiblər.

Bulvarda iş görən sahibkarları yanlarına çağırıb, onlarla, öz ağıllarınca "anlaşma əldə etmək" istəyiblər. Şərtləri də bu olub ki, həmin pulun 30 faizini onlara versinlər. Təbii ki, heç kim bu şərti qəbul etməyib. Bundan sonra, onlara qarşı təhdidlərə başlayıblar. Onları həbs etdirəcəklərini, gedər-gəlməzə göndərəcəklərini deyiblər.

Hətta Sumqayıt hüquq-mühafizə orqanlarının bunu yerinə yetirmək üçün hazır dayandığını da vurğulayıblar. Lakin bu təhdidlərin faydası olmayıb və heç kim bu günədək, bir addım da olsa, geri çəkilməyib. Çünki onlar öz halal haqqlarını tələb edirlər və bunu sona qədər davam etdirəcəklərini deyirlər.

İş adamları onu da söyləyirlər ki, Zakir Fərəcovun və onun ətrafında birləşən Fuad Cəbrayılov kimi vəzifə sahiblərinin əməllərinə, gec-tez hüquqi qiymət verilməlidir. İndiyə qədər onların danışmamaqlarının səbəbi isə, abır-həya gözləmələri olub.

Düşünüblər ki, Zakir Fərəcov, eləcə də onun ətrafında birləşən Fuad Cəbrayılov və Gündüz Əliyev kimi digər vəzifə sahibləri, bəlkə, özlərində təpər tapıb, haqqa gələlər. Lakin görünən odur ki, onlar yol gözləyən, abır bilənlər deyillər. Onların əməllərinə hüquqi qiymət verilməlidir. Çünki 600 nəfərdən çox insanın haqqını yemək ədalət deyil. Və bu haqsızlıq nə vaxtsa qiymətini almalıdır.

Bununla bağlı dəfələrlə rəsmi qurumlara da müraciətlər edilib. Təəssüf ki, həmin müraciətlərin araşdırılması və cavablandırılması üçün, hamısı təkrar Sumqayıt İcra Hakimiyyətinə göndərilib. Aydındır ki, belə olanda Sumqayıt İcra Hakimiyyəti Zakir Fərəcovu və onun əlaltılarını qoyub, həmin sahibkarların tərəfini saxlamayacaq. Onda, daha bunun harası araşdırma oldu?!

Hətta, məmur kimi, onun "həyat salnaməsi" də "xoş notlar" üzərində qurulmayıb. Elə, onun bir rayondan didər rayona başçı müavini transferi prosesində olduğu kimi! Bir daha bildirmək istəyirik ki, bu transfer prosesində, karantin və Vətən Müharibəsi dövrünün həssas məqamlarında Abşeron rayon ərazisinə təsadüf edən, bütün ölkəyə səs-küy salan olduqca pis olaylar böyük rol oynayıb.

Elə, bunlardan sonra da, bu vəzifənin sahibi olan Fuad Cəbrayılovun özü bu rayonda işləmək istəməyib. Daha doğrusu, Zakir Fərəcovun ciddi göstərişindən sonra, bunu özünün "şəninə sığışdırmayıb". Yəni, bu arxa-dayağı Fuad Cəbrayılovun çıxılmaz vəiyyətdə qaldığını görüb və ona işdən çıxması üçün ərizə yazmağı tövsiyyə edib, həm də Abşerondan təcili qaçması tapşırığını verib.

Vəziyyətin gərgin olduğunu görən Fuad Cəbrayılov da, ərizə yazaraq, səs-küysüz və gizli olaraq, başçı müavini vəzifəsindən gedib.

Zakir Fərəcovun "xeyir-duası" və razılığı ilə də, onun bu "əvəzolunmaz kadrına" Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov can-başla sahib çıxıb. Çox qəribədir ki, Fuad Cəbrayılovun Abşerondan kənarlaşması kimi, Suraxanıya transferi və icra başçısının müavini təyin olunması da, indiyədək, gizli saxlanıb. Ən qəribəsi isə odur ki, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında da, başçının müavini postu bu günədək boş göstərilir.

Bu yerdə, onu da bir daha qeyd etmək istəyirik ki, yüksək çinli dövlət məmuru kimi, Fuad Cəbrayılovun adına çıxılan və onun yerli əhalinin haqlı narazılıqlarına səbəb olan saysız-hesabsız qanunsuz əməlləri, "Araz" Media Qrupundakı mətbu vasitələr, daha çox isə, araz.az xəbər portalı tərəfindən, əvvəllər də, daim diqqətdə saxlanıb.

Haqqında dərc olunan kəskin tənqidi xarakterli belə yazılardan sonra, bəd əməllərindən narazı insanların haqlı tələblərinin həllinin tapılacağına ümidlər yaransa da, lakin Fuad Cəbrayılov ölkənin qanunlarını tanımamağa davam edərək, tutduğu vəzifə başında şəxsi maraqlarını ön plana çəkib və bunu özünün "ölməz amalına" çevirib.

Həm də ona görə ki, Fuad Cəbrayılovun prezidentin keçmiş köməkçisi Əli Həsənovla da yaxın işbirliyi olub. Onlar çox yaxın olduqları üçün, Əli Həsənov, demək olar ki, hər gün onu qoruyub. 

Xülasə, deyə bilərik ki, Abşeron rayonunda mühüm vəzifə başında olarkən buraxdığı boşluqlar və baş alıb gedən qanunsuz əməlləri, getdikcə, Fuad Cəbrayılovun qarşısında "əcəl zənginə" çevrilir. Səbəb və nəticələrə baxdıqda, aylar və ya illər sonra olsa da, Fuad Cəbrayılovun bəd əməllərinin bəhrəsini görəcəyi qaçılmazdır.

Sonda, onu da qeyd etməyi vacib bildik ki, artıq, Suraxanı rayon icra hakimiyyəti başçısının müavini postunda oturmasına baxmayaraq, Fuad Cəbrayılovun bu günün özündə belə, Zakir Fərəcovun diqtəsi ilə oturub-durur. Çünki törətdiyi bütün maxinasiya əməllərinin dəstəkçisi bu arxa-dayağı olduğundan, onun hər sözünə can-başla əməl edir.

Əziz Əzizov isə, onun da, hər səmtdən pul çəkməyi bacaran belə bir əlaltısının olmasından rahatlıq tapıb. Onun bu önəmli vəzifəyə təyinatını ona görə gizli saxlatdırır ki, bu "əvəzolunmaz kadrla" bərabər, pul toplamaq üçün gizli çox planları var.

Bəli, uzun müddət Abşeron rayonunun tikinti, təhsil və bağça sektorunu tam nəzarətində saxlayan, etdikləri müqabilində burada "ad çıxaran" Fuad Cəbrayılov iyrənc üsullarla, korrupsiya və rüşvət yoluyla, qorxub-çəkinmədən çox pullar toplayıb, mülk və sərvət sahibi olub.

Bütün bunlar barədə, ötən yazılarımızda da, məlumat vermişik. İndi onu da bildirmək istəyirik ki, bu yolla topladığı haram pullar hesabına, o, özünü qiymətli mülklərin sahibi edə bilib. Onun var-dövlətinin siyahısını araz.az-ın növbəti yazısında tirajlayacağıq.

İndi isə, bir daha onu demək istəyirik ki, media üzərindən apardığımız araşdırmalar və narazı yerli əhalinin dedikləri bir daha təsdiq edir ki, Fuad Cəbrayılov tutduğu heç bir vəzifəyə layiq kadr olmayıb.
Bunların hamısı barədə, növbəti yazılarımızda. Bizi izləməyə çalışın...

Müəllif Əli HÜSEYN,
araz.az xəbər portalının xüsusi müxbiri.