Dünya çempionlarımızın İstanbulda zəif nəticəsinin səbəbi bəlli oldu

12:00 17-03-2021 421

“Uzun müddətdən sonra ilk yarışa çıxdığımızı nəzərə alsaq, qızıl medalın olmaması normaldır. İstanbuldakı çıxışımızı qənaətbəxş hesab edirəm”.

Bunu HerGun.Az-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

Karate millimiz 12-14 mart tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş Premyer Liqa yarışında iştirak edib. Komandamız oradan bir gümüş və üç bürünc medalla qayıdıb. Beşqat dünya çempionumuz Rafael Ağayevin medalsız qalması və digər dünya çempionumuz İrina Zaretskayanın bürünc medalla kifayətlənməsi diqqət çəkib.

Y.Bəşirov buna aydınlıq gətirib:

“Rafael Ağayev hələ tam fiziki formasında deyil. İrina isə bu yarışlarda yeni döyüş üslublarından istifadə edirdi. Həmin üslubları bu yarışda yoxlayırdı. Ona görə bürünc medal qazandı. Kata millimiz, Firdovsi Fərzəliyev və Asiman Qurbanlı bu yarışda yaxşı çıxış edib, bürünc medal qazandı.

Gənclərdən Sultan Hüseynov, Əminağa Quliyev, Fərid Ağayev, Əli Cəfərov, Fidan Teymurova və Mədinə Sadıqovanı təcrübə toplamaları üçün aparmışdıq. Fərid Ağayev Rafaelin çəkisində yarışdı”.

Qeyd edək ki, karate millimizin növbəti yarışı 30 aprel – 2 may tarixində Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək ilin ikinci Premyer Liqa turniri olacaq”.

Səbuhi Musayev