Son aylarda ipoteka kreditləri niyə azalıb? - Ekspert aydınlıq gətirir

11:27 05-08-2019 759

Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən bu ilin iyun ayında İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 6,9 milyon manat həcmində ipoteka krediti verilib.

Bu, may ayı ilə müqayisədə 2,9 dəfə və ya 13,3 milyon manat azdır.

Cari ilin yanvar-iyun aylarında banklar tərəfindən 100,7 milyon manatlıq ipoteka krediti verilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,2% və ya 16,7 milyon manat azdır.

İyunda Fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi əvvəlki aya nisbətən 33,6% və ya 7,1 milyon manat azalıb.

İpoteka kreditlərinin həcminin azalmasını HerGun.Az-a şərh edən iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, bu azalma yay mövsümü ilə əlaqədardır:

“Reallıqda həm banklarda, həm də İpoteka və Kredit Zəmanət Fondunun özündə ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün kifayət qədər likvidlik var. Hətta banklar daha az riskli və əlavə gəlir gətirən kredit növü kimi ipoteka kreditlərinin həcmini artırmaqda çox maraqlıdırlar”.

Onun sözlərinə görə, ümumilikdə ipoteka kreditlərinin həcminin əvvəlki illə müqayisədə artdığı müşahidə olunur:

“Son ayda ipoteka kreditləşməsində nisbətən azalmanın mövsümlə əlaqədar olduğunu düşünürəm. Hər zaman yay mövsümündə əmlak bazarında aktivliyin azalması müşahidə olunub”.

C.İbrahimli hesab edir ki, sentyabr ayından etibarən aktivlik bərpa olunacaq. Dövlət sektorunda əməkhaqlarının artırılması da ipoteka kreditlərinə tələbi yüksəldəcək.

Xatırladaq ki, iyunda bankların verdiyi bir ipoteka kreditinin həcmi rekord göstəriciyə çatıb – bir borcalana orta hesabla 50 182,3 manat. Bu, fondun bütün fəaliyyəti ərzində, yəni 2006-cı ildən bəri ən yüksək göstəricidir.

Sevinc Yasinqızı