İranlı şərikini döyən gecə klubunun sahibi hakim qarşısında

13:09 06-08-2019 336

Bakıda iranlı şərikini döyməkdə və girov götürməkdə təqsirləndirilən gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

HerGun.Az xəbər verir ki, iş baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.

Cinayət işində 53 zərərçəkmiş var. 

D.Dəmirçiyevin barəsində qanunsuz azadlıqdan məhrum etmə və vergidən yayınma maddələri ilə ittiham irəli sürülüb. Həmçinin Azərbaycan Vergilər Nazirliyi zərərçəkmiş qismində tanınır.

Qeyd edək ki, rəsmi məlumata əsasən, ötən il mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ellips” gecə klubunun sahibi D.Dəmirçiyevin şəriki R.Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertiza təyin edilib və zəruri istintaq hərəkətləri aparılıb. D.Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.