“Qərbi Abşeron” yatağında növbəti quyuda qazma işləri başlayıb

15:45 06-08-2019 597

SOCAR AQŞ 10 saylı stasionar dəniz özülündən layihə dərinliyi 850 m olan 65 nömrəli quyuda qazma işlərinə başlayıb.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Qeyd edək ki, 65 nömrəli quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyət tələblərinə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq.

Şirkət əmindir ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda SOCAR AQŞ dayaz sulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.

Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.