Aksiz markasız minlərlə dərman preparatını sərhəddən keçirmək istədilər - FOTO

16:40 16-04-2021 407

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitələrə bənzər maddələrin, 718 ədəd güclü təsir edən maddələrin və 14 841 ədəd dərman preparatların dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Aprel ayının 12-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstandan Azərbaycan Respublikasına rəsmi qaydada gələn Azərbaycan Respublikası vətəndaşı, 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Nicad Məmməd oğlunun idarə etdiyi MAN markalı 99-CY-071 dövlət nömrə nişanlı avtomobilin yük salonuna baxış zamanı 14 841 ədəd aksiz markası olmayan dərman preparatları aşkar olunaraq götürülüb.

Aprel ayının 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Ağcabədi rayon sakini 1994-cü il təvəllüdlü Rəhimov Cahandar Tahir oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitəyə (2042 qram tiryək, 2716 qram marixuana, 500 ədəd “gabaprel” və 218 ədəd “mydrax” güclü təsir edən maddələrin) bənzər maddələr aşkar olunaraq götürülüb.

Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində keçirilmiş əməliyyat-istintaq tədbir­ləri nəticəsində Ağcabədi rayon sakini 1999-cu il təvəllüdlü Orucov Elşad Oruc oğlu saxlanılıb.

Faktlar üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.