Doqquz il oynadığı klubu belə tərk etdi, hörmətsizlikdə günahlandırıldı - VİDEO

13:18 07-08-2019 430

İngiltərənin “Arsenal” klubundan “Bordo”ya keçən Loran Kosyelninin hərəkəti Britaniyada birmənalı qarşılanmayıb.

HerGun.Az xəbər verir ki, polyakəsilli fransalı mərkəz müdafiəçisi əvvəl London klubunun ABŞ-dakı təlim-məşq toplanışına qatılmaqdan imtina edib.

Daha sonra onun dünən 4,5 milyon funta “Bordo” klubuna transfer olduğu açıqlanıb. Lakin futbolçu təqdimatı zamanı doqquz il çıxış etdiyi “Arsenal”ın formasını çıxararaq, “Bordo” forması geyinməsi hörmətsizlik kimi qiymətləndirilib.

1991-1998-ci illərdə “Arsenal”ın hücumçusu olmuş İan Rayt buna görə sərt şəkildə Kosyelnini tənqid edib. Hazırda “BBC Sport” və “ITV Sport” telekanallarında ekspert kimi çalışan Rayt bunu “Arsenal”a “hörmətsizlik” adlandırıb:

“Bu hərəkət adamı incidir. Hörmətsizlik göstəricisidir. Sən doqquz ildən sonra tərk etdiyin klubdan belə getdiyinə görə utanmalısan. “Arsenal”da istədiyinə nail oldun və hələ də qazanmağa davam edirsən”.