Yunis Hüseynov “Qarabağ”ın oyununu şərh etdi: APOEL səddini keçəcək - MÜSAHİBƏ

17:36 07-08-2019 455

Futbol veteranı Yunis Hüseynovun UEFA Çempionlar Liqasının “Qarabağ” - APOEL oyunu ilə bağlı HerGun.Az saytına müsahibəsi

– “Qarabağ”ın APOEL-i Kiprdə məğlub etməyi bəlkə də gözlənilməz oldu. Çünki daha çox heç-heçə gözlənilirdi. Oyunla bağlı təəssüratlarınız necədir?

– “Qarabağ”ı təbrik edirəm. Möhtəşəm oynadılar. Oyunun qəhrəmanı isə Abdellah Zubir idi.

– Zubiri son matçlarda qol vəziyyətlərini sağa-sola xərcləməkdə suçlayırlar. Daha çox bu futbolçu məhsuldar ötürmələrdə “Qarabağ”a xeyir verir...

– Sizinlə razıyam. Vəziyyətləri boşa verir. Amma o, rəqib qarşısında həddindən artıq gərginlik yaradır. Zubir topla yaxşı davranan futbolçudur. Topla yaxşı davranışı olan futbolçular həmişə rəqib meydançası daxilində gərginlik yaradır. Onun topla davranışı APOEL müdafiəsində çaşqınlıq yaratmışdı.

Onu da qeyd edim ki, APOEL-in “Qarabağ”a qarşı taktikası da düzgün qurulmamışdı. 3-5-2 taktiki sxemi ilə oynadılar, müdafiədə boşluqlar verdilər. “Qarabağ” isə rəqibi düzgün analiz etmişdi. Bundan əvvəl APOEL-in Monteneqronun “Sutyeska” klubu ilə oyunlarına da baxmışdım. Onlar həddən artıq boş zonalar verirlər. Bunun nəticəsində də “Qarabağ” həmin zonalardan düzgün yararlandı. Topla yaxşı oynayan “Qarabağ” kimi komandalar isə belə boşluqlardan əks-hücumlar zamanı yaxşı istifadə edir. “Qarabağ”ın cinah futbolçuları çox sürətlidir. Bu səbəbdən də komandamız qalib gəldi.

– Bir dəqiqə əvvəl meydana çıxmış “Qarabağ”ın yeni hücumçusu Maqay Qey topa ilk toxunuşundaca qol vurdu. Bu amil sözügedən futbolçunun keyfiyyətindən, qolu hiss etmə qabiliyyətindən irəli gəlir?

– Yox. Düzdür, meydana çıxan kimi qol vurdu. Amma bu o demək deyil ki, onun mövqe seçimi və qol duyumu yaxşıdır. Bir qola görə hücumçuya qiymət vermək olmaz. Əslində onun qol vurmasının da səbəbkarı Zubir idi. Onun driblinqi sayəsində həmin qol vuruldu.

– Yeni transferlərdən Xayme Romeronu fərqləndirmək olarmı? İspaniyalı hücumçu ikinci məhsuldar ötürməsi ilə yadda qaldı...

– Hələ ki, bəli, fərqləndirmək olar. Oynadığı üç matçda hələ ki pis təsir bağışlamır. Amma onun tam necə futbolçu olduğunu gələcək göstərəcək. Hələ ki yaxşıdır.

– Bu sualım bir qədər siyasətlə bağlı olacaq. Nə qədər desək ki, idman siyasətdən uzaqdır, amma belə hallarla tez-tez üzləşirik. Stadionda erməni bayrağı asılmışdı. Kiprdə niyə həmişə bizə qarşı belə münasibət göstərilir?

– Şərəfsiz insanlardırlar, bizə qarşı həmişə belə edirlər. Bunu daha çox Kipr erməniləri edir. “Qarabağ” əslində onların cavabını yaxşı verdi. Bəzi imkanlardan da yararlansaydılar, o zaman daha yaxşı olardı. Son dəqiqədə o qolu buraxmasaydıq, daha yaxşı olardı. Amma “Qarabağ” yenə də mərhələni keçəcək. “Qarabağ” APOEL-dən 15-20% güclüdür.

Səbuhi Musayev