Sabiq icra başçısı oğlunun şəhid olduğu yerə getdi - FOTO

10:20 04-05-2021 406

Vətən müharibəsinin şəhidi, baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov oğlunun döyüşdüyü və həlak olduğu Hadrut rayonuna gedib.

HerGun.Az-ın məlumatına görə, Füzuli rayonunun keçmiş icra başçısı olan Nofəl Qasımov oğlu Səid Rəşidzadənin uşaqlıq və məzar daşı fotolarını paylaşıb.

“Məni təbrik edənlərin hamısına minnətdaram, getmişdim oğlum Səidin şəhid olduğu Şişqayaya. Səidin sancdığı bayrağı dəyişməyə, yəni Hadruta. Getdim və gəldim! Mən ömrümdə heç kimə həsəd aparmamışam, ancaq Şişqayaya qalxanda oğlum Səidə həsəd apardım. İlahi, bunlar bura necə çıxıblar?” - deyə şəhid atası qeyd edib.

Qeyd edək ki, Səid Rəşidzadə 1990-cı ilin yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 

Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Baş leytenant 2020-ci il oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. 
O, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.