“Coca-Cola”nın yaranmasından 135 il ötür - FOTO

17:00 08-05-2021 336

Bugün dünya nəhənglərindən olan “Coca-Cola” şirkətinin yaranmasından 135 il ötür. 

“Coca-Cola” 1886-cı ildə ilk dəfə olaraq ABŞ-ın Corcia ştatının Atlanta şəhərində əczaçı Con Pemberton tərəfindən hazırlanıb və təravətləndirici içki kimi apteklərdə satışa təqdim edilib. 

1919-cu ildən başlayaraq isə “Coca-Cola” içkisi Amerika hüdudlarını aşaraq dünyanın dörd bir tərəfində istehsal olunmağa başlayıb. Hazırda 4100-dən çox adda məhsul istehsal edən şirkət 200-dən çox ölkədə fəaliyyət göstərir.

“Coca-Cola”nın Azərbaycan iqtisadiyyatında rolu

“Coca-Cola” ölkədə 1994-cü ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın qeyri-neft sektoruna investisiya etmiş ilk beynəlxalq şirkətlərdən olan “Coca-Cola”nın 1996-cı ildə Sulutəpə qəsəbəsində ilk istehsal zavodu fəaliyyətə başlayıb.

Bugünə qədər “Coca-Cola” Azərbaycan iqtisadiyyatına 200 milyon dollardan çox investisiya yatırıb. Bununla yanaşı, Azərbaycanın dövlət büdcəsinə 300 milyon dollardan artıq vergi ödənilib. Azərbaycanda “Coca-Cola” məhsullarının istehsalı həm yerli, həm də beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına və bundan daha sərt olan “Coca-Cola” sisteminin tələblərinə cavab verir.

“Coca-Cola”nın Azərbaycanda idmanın inkişafına dəstəyi

“Coca-Cola” Azərbaycanda gənclərin sağlam həyat tərzinə cəlb olunması və idmanın inkişafı üçün müxtəlif layihələr həyata keçirib.

“Coca-Cola” Milli Olimpiya Komitəsinin, AFFA-nın, Azərbaycan Velosiped İdmanı Federasiyasının, eyni zamanda, Azərbaycanda təşkil olunan “IV İslam Həmrəyliyi Oyunları”, “2015 Avropa Oyunları”, “BMX”, “Tour d'Azerbaïdjan” kimi idman yarışlarının rəsmi tərəfdaşıdır.

Bununla yanaşı, “Coca-Cola” Azərbaycanda şagirdlərə olimpiya dəyərlərinin təşviqi məqsədilə “Olympic Moves” hərəkatının, uşaq futbolunun inkişafına töhfə verən “Məktəbli kuboku” layihəsinin də partnyorlarındandır.

“Coca-Cola”nın Azərbaycanda COVID-19-la mübarizəyə dəstəyi

COVID-19 pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə “Coca-Cola” şirkəti 2020-ci ilin əvvəlindən bəri “ASAN Könüllüləri” Təşkilatı ilə birgə layihələr həyata keçirir.

“Birlikdəyik” layihəsi çərçivəsində 4000 ailə - ümumilikdə 20 000 insana qida yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda, sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması istiqamətləri üzrə fəaliyyətlər həyata keçirilib. Ötən ilin aprel ayının əvvəlində “ASAN Könüllüləri” Təşkilatı “Coca-Cola Azərbaycan”ın dəstəyi ilə ölkəmizdə karantin rejimində çalışan xəstəxanalar üçün 120 000 su məhsulunun çatdırılmasını təşkil ediblər. “Bir sifariş - Bir sevinc” sosial kampaniyası isə COVID-19 pandemiyasının aztəminatlı ailələrə və kiçik sahibkarlara təsirini azaltmaq məqsədilə həyata keçirilib. Layihə 7000 ailəni və 20-dən çox sahibkarı əhatə edib. Qeyd edək ki, “Coca-Cola” COVID-19 pandemiyası ilə mübarizəyə dəstək olmaq üçün həyata keçirilən bu layihələrə ümumilikdə 400.000 manat pul xərcləyib.

“Coca-Cola”nın Azərbaycanda həyata keçirdiyi ekoloji layihələr

“Coca-Cola” şirkəti Azərbaycanda su ehtiyyatlarının qorunması, yaşıllıq zolaqlarının genişlənməsinə xidmət edən çox sayda ekoloji layihələr həyata keçirir. Bu istiqamətdə şirkət “Ağac ək, həyata hədiyyə et” adlı ağacəkmə layihəsini, “Sahilyanı Təmizlik” kampaniyasını, “Təmiz ölkəm” və “Təmiz Sumqayıt” ekoloji layihələrini həyata keçirib.

“Coca-Cola”nın Azərbaycanda həyata keçirdiyi sosial layihələr

“Coca-Cola” Azərbaycanda qadınların və gənclərin inkişafı üçün 2014-cü ildən bəri çox sayda sosial layihə həyata keçirib.

Bu layihələrə “Rayon qadınları və gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi”, “Uğurlu qadın, uğurlu gələcək”, “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM-W”, “New Generation” layihələri aiddir. 

“Coca-Cola” Azərbaycanın layiq görüldüyü beynəlxalq mükafat

“Coca-Cola” Azərbaycan qadınların iqtisadi imkanlarının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi sahəsində həyata keçirdiyi işlərə görə ABŞ Dövlət Katibinin 2020-ci il üçün Korporativ Mükəmməllik Mükafatına layiq görülüb. Bu mükafatla “Coca-Cola” Azərbaycanda qadınlar üçün iqtisadi imkanların artırılması sahəsində geniş səylərinə görə təqdir edilib.