“Neftçi” darmadağınla liderliyə yüksəldi

22:40 08-05-2021 305

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tur davam edir.

Günün ikinci matçında “Səbail” çempionluğa iddialı “Neftçi”ni qəbul edib.

“ASCO Arena”dakı qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Neftçi”nin qollarını 13-cü dəqiqədə Voyislav Stankoviç, 62-ci dəqiqədə Yusuf Laval, 72-ci dəqiqədə Keysuke Honda, 79-cu dəqiqədə isə penaltidən Namiq Ələsgərov vurub.

Qələbə sayəsində xallarının sayını 53-ə çatdıran “Neftçi” ən az bir gün müddətinə liderliyə yüksəlib. Flaqman bir oyun az keçirən “Qarabağ”dan iki xal çox toplayıb. “Səbail” isə 24 xalla 7-ci yerdədir.

Qeyd edək ki, günün digər oyununda “Sumqayıt” səfərdə “Keşlə”ni 1:0 hesabı ilə yenib.

Tura mayın 9-da keçiriləcək “Zirə” – “Qəbələ” və “Sabah” – “Qarabağ” matçları ilə yekun vurulacaq.