Əhali nəyə görə pulunu əvvəlki kimi yığa bilmir? - SƏBƏB

12:00 25-05-2021 484

2020-ci ildə əhalinin gəlirləri ilə yanaşı, əmanətlərində də azalma qeydə alınıb, yığıma meyillilik əmsalı azalıb.

HerGun.Az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

2020-ci ildə əhalinin əmanətləri üzrə 5,3 faiz azalma müşahidə edilib. Uzunmüddətli karantin rejimi ev təsərrüfatları tərəfindən maliyyələşdirilən istehlak xərclərinin azalması ilə nəticələnsə də, bu azalma yığımın yüksəlməsi ilə nəticələnə bilməyib. Əksinə, əmanətlərin əhali gəlirlərinə nisbətini ifadə edən yığıma meyillilik əmsalı azalıb. İstehlak xərclərinin azalması müqabilində gəlirlərin yığıma yönəldilən hissəsinin üstün mövqe qazanmaması əhali gəlirlərinin real ifadədə azalması ilə izah oluna bilər.

Son illər ərzində sərəncamda qalan gəlirlərin strukturunda dəyişikliklər izlənməkdədir. Belə ki, əvvəlki illərdə son istehlak xərcləri və qənaət, təxminən, eyni xüsusi çəkilərə sahib idisə, son illərdə pay üstünlüyü istehlak xərclərinin xeyrinə dəyişməyə davam etməklə, qənaəti 2 dəfəyə yaxın üstələməkdədir.

Məsələn, 2018-ci ildə son istehlak xərcləri 51 milyard 745,1 milyon manat olduğu halda, qənaət 26 milyard 381,3 milyon manata bərabər olub. Sözügedən tendensiya devalvasiya dalğalarından etibarən müşahidə olunduğu üçün məzənnə təsiri səbəbindən qiymət artımı ilə əlaqədar istehlak xərclərinin yüksəlməsi və bu artımın qarşılanması məqsədilə qənaətin istifadə edilməsi ilə əlaqəli ola bilər.

Nigar Məmmədova