Vidadi Həsənov: Gənclərin çəkdiyi filmlər türk kinosunun “Şabanizm” dövrünü xatırladır - MÜSAHİBƏ

13:18 09-08-2019 620

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, YUĞ Dövlət Teatrının aktyoru, “M. Teatr – Mənim Teatrım”ın bədii rəhbəri və direktoru, bu yaxınlarda “Xalq artisti” fəxri adına layiq görülən Vidadi Həsənovun HerGun.Az-a müsahibəsi:  

- 61 yaşında “Xalq artisti” olmaq necə hissdir?

- Məşhur mahnıda deyildiyi kimi, “yaşın nə fərqi var ki?” Əsas sevinməyi bacarmaqdır. Əlbəttə, fəxri adın verilməsi çox xoşdur. Siyahıdakı həmkarlarıma görə daha çox sevindim. Çünki orada sözün əsl mənasında bu ada çoxdan layiq olan insanlar var idi. Sadəcə, mən də onların siyahısına düşdüyümə görə şadam.

- Deyəsən, heç gözləmirdiniz…

- Bəli. Dəfələrlə bu və ya digər şəkildə bildiriblər ki, mənim adım təqdim olunub. Amma heç birindən müsbət nəticə gəlmirdi. Ona görə bu dəfə də nəsə olacağına inanmırdım. Bu, 40 illik zəhmətin nəticəsidir - nə dərəcədə gözlənilməz olduğunu siz deyin.

- Kinomuzun indiki durumunu necə qiymətləndirirsiniz? “Azərbaycanda kino yoxdur” deyənlərin fikri ilə razısınız?

- Qəti şəkildə razı deyiləm. Bu fikri səsləndirənlər bizim kinomuzda gedən proseslərdən xəbərsizdir. Amma üzrlü səbəblərdən də ola bilər. Çünki filmlərimiz öz nümayişinə görə yer kasadlığı yaşayır.

Hollivudda ildə səkkiz yüz min film çəkilir. Onun bir və ya ikisi dünya səviyyəli iş olur. Biz isə son illərdə 10-15 film çəksək də, onlardan bir neçəsi bütün dünyanı gəzir. Məsələn, “Çölçü” filmi. Hətta elə festival olub ki, bu film mümkün nominasiyaların əksəriyyətini əldə edib.

İdmançımızın biri yarışda qalib gələndə nə qədər qürur duyuruq. Hətta ölkəyə gələndən sonra bir çox təşkilatlar ona yardım edir. Axı bu filmlər də bayrağımızı qaldırır. Düzdür, gücümüzü göstərmir, amma mənəviyyatımızı, düşüncəmizi, mədəniyyətimizi, əxlaqımızı nümayiş etdirir.

- Bəlkə, kinomuzun təbliğatı zəifdir?

- Bəli. Kinonun təbliğatı yetərincə deyil. Rəsmi qurumlar qazanılan uğurları əhaliyə çatdırmaq baxımından az iş görürlər. Buna görə də insanlarımız “kinomuz yoxdur” deyirlər. 

On ildə çəkilən 10-12 (dəqiq deyə bilmərəm) filmin dördünün-beşinin beynəlxalq festivallarda uğur qazanması çox yaxşı nəticədir. Mədəniyyət, teatr və kino adamları bundan artıq neyləməlidir? Bəlli məsələdir ki, kino xeyli pul tələb edən bir sahədir. Amma bizim filmlərin əksəriyyəti böyük məbləğlərlə deyil, əksər hallarda kino işçilərinin qəhrəmanlığı nəticəsində başa gəlir. Kinonun, eləcə də, teatr tamaşalarının təbliği və təşviqi sahəsində hələ çox işlər görülməlidir.

- Son vaxtlar daha çox gənclərin çəkdiyi kommersiya filmlərindən bəyəndikləriniz var?

- Gənclərin film çəkməsi həm yaxşıdır, həm də pis. Yaxşıdır ki, çəkirlər. Pisdir ki, öz səhvlərini aradan qaldırmırlar, öyrənmirlər. Dediyiniz kommersiya filmləri mənə - illər öncə türk kinosunun “Şabanizm” dövrünü xatırladır.

İndiki Türkiyə kinosu çox yüksəkdədir. Əlbəttə, bu, pulun, yeni kadrların - dünya təcrübəsini öyrənən insanların sayəsində oldu. Bizdə də indi kommersiya filmləri dövrüdür. Gənclərimiz xaricdə  keçirilən kurslarda, seminarlarda iştirak etməlidirlər. Dünya kino prosesində baş verənləri öyrənməlidir. Belə olsa, kinomuzun gələcəyi yaxşı olacaq.

- 1990-cı ildən Yuğ Teatrında çalışırsınız. Bunun səbəbi nədir? Yoxsa başqa teatrlardan təkliflər gəlməyib?

- İş yerim Yuğ olsa da, bir neçə il əvvəl Akademik Milli Dram Teatrında bir neçə tamaşada oynamışam. Ümumiyyətlə, dəvət olunan yerlərə gedirəm. Dəvət olmayanda isə heç toya da getmirəm.

- Teatrların inkişafı sizi qane edir?

- Mədəniyyət və incəsənət həmişə gerçəkliyin əksidir. Ən düzgün olan gerçəkliyin üzünə baxmaqdır. Bu yaşımda teatrlarımızda hər şeyin yaxşı və ya pis olduğunu desəm, mənə ayıb olar. İş olan yerdə uğur da var, əyər-əskikliklər də.

Hər bir teatr başını aşağı salıb öz çiyninə düşən işlə məşğul olur. Bilirsiniz ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanun var. Prezidentin fərmanları var. Amma sənət adamlarının özlərində də bir hərəkət olmalıdır. Kim bizim əvəzimizə teatrın yükünü çiyinlərinə alıb aparacaq? Bunu biz etməliyik. Başqası bunu etməyəcək.

Hazırda teatrlarımızın vəziyyətində yaxşı və pis cəhətlər var. Hansı sahədə ideal bir şey var ki? Dünyanın hər yerində belədir.  

- Sizcə, teatrlarımızın sayı yetərlidir?

- Yox. Təkcə Tbilisi şəhərindəki teatrların sayı respublikamızdakı teatrların sayından çoxdur. Niyə, məsələn, Günəşli qəsəbəsində teatr olmasın? Oradan gecə saat 7-də teatra kim gələcək? Kim axşam saat 10-da teatrdan çıxıb evinə getmək istəyər? Çox az adam. Amma Günəşlidə lap balaca bir teatr olsa, insanlar ora gedər.

1990-cı illərdə Moskvada hər metro stansiyasının yanında bir teatr var idi. Orada yetişən gənclər indi rus kinosunun və teatrının aparıcı aktyorlarıdır. Universiteti bitirən gənclər böyük teatrlara necə getsin? Hər yerdə təcrübə istəyirlər. Özəl və balaca teatrlar olmalıdır ki, gənclər işləyib püxtələşsin. Bakıda və böyük şəhərlərimizdə teatrların sayı çox olmalıdır.

- Xalq artisti Vidadi Həsənov olaraq Azərbaycan teatrlarını necə görmək istərdiniz?

- Teatra məsul olan insanlar bütün bacaraqlarını ortaya qoyur, zəhmət çəkirlər. Sadəcə, görünür, hələlik onların bildikləri bu qədərdir. Bəzən insanlar nələrisə eləyib başa çatdırdıqlarını zənn edirlər. Ya da düşünürlər ki, hələ vaxt var, eləyərik. Bu dediklərimi heç kimə aid etmirəm. Yaxın Türkiyədə həm özəl, həm də dövlət teatrları var.

Dövlət özəl teatrların da yaşaması üçün kifayət qədər yardım edir. Bizdə isə son yeddi ildə beş və ya altı özəl teatr fəaliyyətə başlayıb. Onlardan biri də mənim yaratdığım “M. Teatr”dır.

Hazırda maddiyyat baxımından zülm çəkirik. Dövlət böyük şirkətləri, firmaları və holdinqləri verginin müəyyən hissəsindən azad etməlidir ki, onlar da teatrlara maddi baxımdan yardımçı olsun. Bununla da dövlət və özəl teatrlar arasında rəqabət yaranar. Rəqabət inkişafın əsasıdır.

Əski düşüncə sıradan çıxmalıdır. Yeni düşüncəyə hər sahədə ehtiyac var. Buna teatrda da ehtiyac var. Axı teatr da bu cəmiyyətin bir hissəsidir.  

- İndiyə kimi üç serialda oynamısınız. Yeni təkliflər var?

- Bəli, var. Bu sezon serialların birində oynayacağam.

- Sevərək izlədiyiniz serialımız var?

- Təəssüf ki, seriallara baxmağa vaxtım az olur.

- Bəs onların keyfiyyəti sizi qane edir?

- Əgər bu serialların büdcəsi kifayət qədər olsa, əlbəttə ki, hər şey daha da yaxşı ola bilər. Aktyor öz pencəyi ilə çəkilməli deyil, zəngin bir insanın rolunu oynayan aktyorun kostyumu Zabratdan alınan kostyum olmamalıdır. Əlbəttə, bunların hamısı məcburiyyətdəndir. İnanıram ki, vaxt gələcək, serialların yaxşı büdcəsi olacaq.

- Necə düşünürsünüz, verilən qonorarlar aktyorlar üçün yetərlidir?

- Şəxsən məni qane eləməsə, çəkilmirəm. Amma kimsə ona verilən məbləğlə razılaşdıqdan sonra şikayət edirsə, məncə, düz eləmir.

- Hansı rolu oynamağa razılıq verməzsiniz?

- Erməni rolunu oynamağımı istəsələr, heç vaxt razılaşmaram. Bir milyon versələr belə, çəkilmərəm. Hətta inanmayıb, beş milyon belə versələr, yenə də oynamaram. Bu, mənim üçün prinsipial məsələdir.

- Rejissorların tanışlarını, dostluq etdikləri aktyorları və ya aparıcıları seriallara çəkməsi düzgündür?

- Heç bir rejissor pis serial çəkmək istəməz. Məsələn, biri mənimlə dost olduğu üçün filmə çəkir, amma mən bu işi bacarmıram. O, yenə də məni çəkirsə, deməli, rejissor deyil. Ola bilsin ki, arada belə hallar baş versin. Amma bütövlükdə bu, mümkün deyil.

- Axı bir çox aktyorlar rejissorların bu hərəkətindən şikayətlənir.

- Bəzən hansısa bir aktyoru kastinqə və ya söhbətə dəvət edirlər. Amma o, ya rola uyğun olmur, ya da söhbətləri alınmır. Bundan sonra həmin adam ağzını qoyur Allah yoluna. Belə olmaz.

- Ssenari müəllifi olduğunuz “Çölçü” filmi rekord sayda beynəlxalq mükafatlar qazandı. Hazırda yazdığınız ssenari var?

- Mən həmişə yazıram. Hər il də nazirliyə ssenari verirəm. Yalnız bu il təqdim etmək imkanım olmadı.

- Üçüncü şeirlər kitabınızın çıxması gözlənilir?

- Hələlik yazıram. Dərgilərdə, qəzetlərdə çap olunur. Kitab həcminə çatanda baxarıq.

Sevinc Yasinqızı