Təhsil haqları və turla səfərlər bahalaşıb

14:00 09-08-2019 543

2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,0 faiz bahalaşıb.

Bu barədə HerGun.Az-a Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb.

Eyni zamanda, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri isə sabit qalıb.

Ay ərzində uzun düyünün, unun, vermişelin, toyuq ətinin, suda bişmiş kolbasanın, sosiskanın, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, gavalının, əriyin, şaftalının, qarpız və yemişin, üzümün, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, kartofun, quru noxudun, mərcinin, şəkər və şəkər tozunun, çay və kakao tozunun, dondurmanın, mineral suların, limonadın, energetik içkilərin qiymətlərində ucuzlaşma, yumru düyünün, spagettinin, mal və qoyun ətinin, hisə verilmiş və yarım hisə verilmiş kolbasanın, konservləşdirilmiş mal ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, brınza pendirinin, kərə yağının, limonun, almanın, albalı və gilasın, çiyələyin, kələmin, pomidorun, xiyarın, soğanın, kola içkisi və pivənin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Komitənin məlumatında bildirilib ki, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, velosipedlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri üçün ehtiyat hissərərinin, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, parketin, paltaryuyan maşınların, kondisionerlərin, ventilyatorların, fotoaparatların, planşet tipli kompüterlərin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma olub.

Mikrodalğalı sobaların, televizorların, mobil telefonların, noutbukların, saç üçün şampun və boyaların, dezodorantların, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə ucuzlaşma müşahidə edilib.

Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər müşahidə olunmayıb.

Cari ilin iyul ayında iyun ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazlarının, avtomobillərin və ayaqqabıların təmiri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə və hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ödənişli ali təhsil haqlarının və istirahət turlarının qiymətləri qalxıb.

Hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Aqşin Kərimov