Rəqib futbolçu “Qarabağ”ın qolunun sayılmasında hakimə kömək edib - VİDEO

16:54 11-02-2019 21

Azərbaycan Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Qarabağ” matçında kuryoz qol vurulub.

HerGun.Az xəbər verir ki, 20-ci dəqiqədə “Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç hesabı açan qolu vursa da, topun qapı torunu cırıb çıxması çaşqınlıq yaradıb. 

Bu səbəbdən yan xətt hakimi topun qapı çərçivəsinə daxil olmadığını, “Sumqayıt”ın qapıçısının topu oyuna daxil etməli olduğunu bildirib. Qapıya yaxın olan baş hakim Orxan Məmmədov əl hərəkəti ilə qolu qeydə alsa da, yenə də köməkçisinə inanmaq istəyib. 

Belə olan halda “Qarabağ”ın kapitanı Rəşad Sadıqov və komanda yoldaşları topun qapı torunu cıraraq bayıra çıxdığını deməyə çalışıb. “Sumqayıt”ın topa yaxın olan sahə oyunçusu Rail Məlikovun hakimlərə yaxınlaşaraq “Qarabağ”ın qolunun doğru olduğunu bildirməsi yekun qərara da təsir edib. Orxan Məmmədov isə qolu qeydə alıb.

Millimizin sabiq müdafiəçisi Rail Məlikovdan həmin epizodla bağlı fikirlərini öyrəndik. O, bu hərəkətini qəhrəmanlıq saymadığını bildirdi:

“Bu məsələni çox şişirtmək lazım deyil. Bununla hakimlərin işini aşağı salmaq düzgün olmazdı. Onların idarəçiliyi mənim çox xoşuma gəldi. O, elə epizod idi ki, hamı çaşa bilərdi. Təmiz qol idi, gözümün qabağında oldu. Torda deşik yox idi. Sadəcə olaraq, torun toxumaları geniş olduğundan, adi zərbə vursan da, top ordan keçə bilər. Olan şeyi gizlətmək yaraşmaz bizə. Haqqın tərəfdarıyıq. Qol sayıldı, belə də olmalı idi. İnanıram ki, eyni epizod bizim başımıza gəlsəydi, “Qarabağ”dan Rəşad Sadıqov da eyni hərəkəti edərdi”.

Qeyd edək ki, bu görüşdə “Qarabağ” 81-ci dəqiqədə mərkəz müdafiəçisi Bədəvi Hüseynovla daha bir qol vuraraq matçdan 2:0 qalib ayrılıb.

Səbuhi MUSAYEV

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar