Bakıdan bir saatlıq yol: Vəhşi təbiətin bizə verdiyi gözəl məkandan Oxu.Az-ın REPORTAJI - FOTO

16:20 07-06-2021 448

Ayı saxlanıldığı yerdə pəncələrini oynadaraq ora-bura qaçır. 

“Ayı, ayı” - deyə, uşaqlar qışqıraraq onlara yaxınlaşır. Qəfəslərdə saxlanılan ayılar nərildəməyə başlayır.

Onlara ayıları sakitliyə riayət edilərək izləməyin mümkün olduğu izah edilir.

Bura 11 min hektar əraziyə malik olan Altıağac Milli Parkıdır.  2004-cü ildə yaradılıb. Böyük Qafqazın cənub-şərq yamaclarını əhatə edən parkın fauna aləmi kifayət qədər zəngindir.

Bizi parka gətirən səbəb 5 iyun - Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar Altıağac Milli Parkının nəzdində yerləşən Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində tədbir keçirilməsi idi.
Tədbirdə Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak, nazirliyin əməkdaşları və media nümayəndələri iştirak edib.

Nazir çıxışında Beynəlxalq Ətraf Mühit gününün əhəmiyyəti barədə iştirakçılara məlumat verib və təbiətin mühafizəsi, bioloji müxtəlifliyin qorunması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirildiyini xatırladıb.

O həmçinin bildirib ki, yaşıllıq sahələrinin artırılması baxımından davamlı işlər görülür:
“Ölkədə fəaliyyət göstərən Milli parkların ərazilərinin daha da yaşıllaşdırılması və təkmilləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Bəzən yaşıllıqların məhv edilməsi ilə bağlı faktlar görürük. Bu sahədə inzibati metodlarla iş görmək çətindir. Cəmiyyətlə birgə qabaqlayıcı tədbirlərin görülməsi daha effektli olur. Çünki ictimai qınaqla daha tez nəticə əldə etmək olur”.


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak isə qeyd edib ki, ekoloji tarazlığın qorunması çox vacib məsələdir: 

“Yaxşı kənd təsərrüfatı qurmaq üçün keyfiyyətli torpaq və çirklənməyən suya, eləcə də təmiz havaya ehtiyac var. Bütün bunlar olmalıdır ki, məhsuldar təsərrüfat qura bilək. Bundan başqa, yaxşı qidalanma, yaxşı istehsal və təbii fəlakətlərə davamlı ekosistem qurulması mütləqdir”.


2021-ci il ərzində realbilitasiya üçün mərkəzə bir baş qonur ayı, bir baş tülkü, bir baş qartal gətirilib. 

Milli Parkın ərazisində canavar, çöl donuzu, bildirçin, yenot, dovşan, tülkü, dələ, qaratoyuq və digər heyvanlar, eləcə də, adları Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş qonur ayı, vaşaq, Avropa cüyürü, saqqallı quzugötürən, qara çalağan, ağıriyli ardıc, Qafqaz bənövşəsi, itikənarlı süsən var.


Mərkəzdə həmçinin ötən il Şəkidə şəhərdə peyda olan qonur ayının müalicəsi də həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib ki, həmin ayının iki gözü də görmədiyi üçün onun vəhşi təbiətə buraxılması mümkün deyil:

“Ayı gecələr yuvasından çıxır. Hazırda ayı aqressiv olduğu üçün oranı ziyarət edən zaman maksimum dərəcədə sakitliyə riayət etmək lazımdır. Çünki güclü nərəsi və aqressivliyi ilə onları ziyarət edənləri qorxuda bilər”. 

O qeyd edib ki, həmin ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növləri siyahısındadır.

Daha sonra tədbir iştirakçıları Milli parkın ərazisində olan meşəliyin içərisində təşkil olunan istirahəti yerinə yollandılar. 

Ensiz cığırlarla bir xeyli yol getdikdən sonra sözügedən yerə çatdıq. 

Mənzərəni izlədikcə, Bakının qızmar istisini unudub, dərindən nəfəs alıram: bütün yorğunluğumu elə bil dərin bir rahatlıq əvəz edir. 

Dağlıq ərazi, yaşıl meşə örtüyü və təmiz hava ilə buraya gələnləri heyran edir.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, hər kəs Azərbaycan milli parklarında istirahət edə bilər:

“Təbiət bəşəriyyətin insanlara bəxş etdiyi ən böyük nemətlərindən biridir. Ona ziyan vurmadan qoynunda dincəlmək, gözəlliklərindən zövq almaq mümkündür. Hər birimiz milli parklarımızda dincələ bilərik. Əsas odur ki, qaydalara riayət edək”.

Piknik yerində taxta oturacaqlar və ocaq qalanması üçün yerlər də quraşdırılmışdı. 
Burada istirahət edə, ocaq qalaya bilərsiniz, amma gedən zaman mütləq ocağı söndürün. 

Hətta orada uşaqlara əyləncələr və yoqa ilə məşğul olmaq istəyənlər üçün də hə şey düşünülmüşdür.

Parka gələn turistlərə qadağalar barədə də məlumat verilir. Burada ovçuluq etmək, ağac kəsmək və sair qadağandır. Altıağac Mili Parkının ecazkar təbiəti bizi o qədər valeh etdi ki, vaxtın necə tez keçməsinin fərqinə varmadıq.

Bu gözəl məkanlar istirahətinizi təbiətin qoynunda gözəl keçirmək üçün yolunuzu gözləyir.