“Azər­su” ASC gücləndirilmiş iş rejiminə keçdi

13:20 12-06-2021 295

“Azər­su” ASC futbol üzrə 16-cı Avropa Çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, cəmiyyətin idarə aparatında və rayon sukanal idarələrində məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Yaranacaq problemlərin və baş verə biləcək qəzaların operativ həlli məqsədilə ixtisaslaşmış qəza briqadaları təşkil edilib və onlar xüsusi texnika, maşın və mexanizm, malmaterial və avadanlıqlarla təmin olunub.

Yarışlara hazırlıq çərçivəsində Bakı şəhərini içməli su ilə təmin edən mənbələr, magistral xətlər, mərkəzi və məhəllədaxili anbarlar, su və kanalizasiya nasos stansiyalarının vəziyyəti təhlil edilib, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılıb və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda idmançıların və qonaqların yerləşdiyi obyektlərin, həmçinin idman qurğularının su təchizatı və kanalizasiya sistemlərinə baxış keçirilib, bu obyektlərin dayanıqlı içməli su təchizatının aparılması üçün lazımi tədbirlər görülüb.