İşçi heyətin şəxsi gigiyenasına dair metodiki göstərişlər açıqlanıb

19:00 16-06-2021 516

Səhiyyə nazirinin müavini təmizlik-dezinfeksiya işləri və işçi heyətin şəxsi gigiyenasına dair metodiki göstərişlər sənədini imzalayıb.

Sənəddə deyilir:

- Həyata keçirilən təmizlik-dezinfeksiya işləri xidmətin növü, təmas edilən səthlərin xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır.

- Ümumi istifadə yerlərində bütün təmas səthlərinin (qapı tutacaqları, elektrik düymələri, masa səthləri, sürahilər, məhəccərlər və s.), idman avadanlıqları, taxtlar, skamyalar, sanitar qovşaq, soyunub-geyinmə otağı, duş otaqlarının hər 2 saatda bir dəfədən az olmayaraq dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə nəm üsulla təmizlənilir.

- Təmizlik-dezinfeksiya işləri iş saatından əvvəl işlək sahələrdə, iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilir.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

- mexaniki təmizləmə: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılmalı;

- təmizləmə: isti su və lazımı hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilməli;

- durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilməli;

- dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilməli.

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

- istifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalı;
- lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməli;

- digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində adı, tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalı;

- dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalı və rəsmiləşdirilməli;

- dezinfeksiya işlərini həyata keçirən işçi heyət xüsusi qoruyucu vasitələrlə (əlcək, maska, üz sipəri və s.) mütləq təmin edilməli;

- dezinfeksiya işlərinin həyata keçirildiyi qapalı sahə dezinfeksiyaedici vasitənin istifadə təlimatında tövsiyə edilən müddətdə havalandırılmalı;

- dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməli.

Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

- giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

- qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- döşəmələr (xlor tərkibli məhlul və ya digər);

- vətəndaşların toxunduğu səthlər, məşq alətləri (spirt tərkibli məhlul və ya digər);

- soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

- soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);

- sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

- anbarlar (xlor tərkibli məhlul və ya digər);

- tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

- tullantı qabları (xlor tərkibli məhlul və ya digər);

- ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər).

İşçi heyətin şəxsi gigiyenası

- işçi heyət tərəfindən şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir;

- Təmizlik və dezinfeksiya işlərini həyata keçirən işçi heyət mütləq maska, üz sipəri və əlcəklərdən istifadə edir. Təmizlik işləri başa çatdıqdan sonra maska və əlcəklər çıxarılaraq müvafiq tullantı qablarına atılır, üz sipəri müvafiq qaydada təmizlənir və dezinfeksiya olunur, əllər gigiyena tələblərinə uyğun olaraq yuyulur.

İşçi heyətinin müayinəsi

- İş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY xidmətinə müraciət edilməlidir;

- İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY xidmətinə müraciət etməlidir;

- Qripəbənzər xəstəlik əlaməti müşahidə olunan işçilərin işə buraxılmasına görə məsuliyyəti idman obyektinin rəhbərliyi (sahibkarı) daşıyır;

- Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;

- İşçi heyəti arasında COVID-19 təsdiqləndiyi halda, onunla təmasda olan şəxslər Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən müəyyənləşdirilərək yaşadıqları yerdə karantin nəzarətinə götürülməlidirlər.