Sabirabadda iki ay yaşayıb Gəncəyə gedən şair: Abbas Səhhət

22:18 10-08-2019 20

(Abbas Səhhət-145)

1918-ci mart qırğını zamanı minlərlə adi vətəndaş kimi dahi mütəfəkkir, həkim, şair, tərcüməçi Abbas Səhhət də bu soyqırımın qurbanlarından biri olub. Erməni barbarları tərəfindən evi yandırılan Abbas Səhhət o soyqırımında hər şeydən qiymətli olan əlyazmalarını belə götürməyə macal tapmayıb. Maraqlı faktlardan biri isə Abbas Səhhətin Cavad qəzasının Petropavlovka yaşayış məntəqəsində,  indiki Sabirabad rayonunda yaşamasıdır.

Orta məktəb illərində "Vətənin sevməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz" məşhur şeri ilə yaddaşımızda qalıb Abbas Səhhət. Yalnız həkim, şair, tərcüməçi olduğunu, bir də 1874-cü ildə Şamaxıda doğulub, 1918-ci ildə Gəncədə vəba xəstəliyindən dünyasını dəyişdiyini bilirik. Sovet dönəmində əsl həqiqəti yazmaq yasaq edildiyindən, Abbas Səhhət haqqında əsl həqiqətlərdən xəbərsizdik. Halbuki 1918-ci il mart qırğınında minlərlə adi vətəndaş kimi Abbas Səhhət də o soyqırımının qurbanlarından biri olub. İmam Museyi Kazımın şəcərəsindən olan, evi yandırılarkən əlyazmalarını götürməyə belə macal tapmayan Abbas Səhhət qırğınlar zamanı öz doğma yurd-yuvasından didərgin düşüb.
 
Şairin dayısı nəvəsi Gülbacı Həmidova:
“Mən bunları qayınatamdan eşitmişəm. Ona da Abbas Səhhət danışıb. Mart qırğınları zamanı Abbas Səhhət bir dəstə adamla dogma yurdunu tərk edən zaman qarşılarına ermənilər çıxıblar. Elə bil o an erməni vəhşiləri onları görməyib və onların varlıqlarından belə xəbərləri olmayıb” 

Möcüzə nəticəsində sağ qalan Abbas Səhhət ailəsi ilə birlikdə, bir çox mənbələrdə yazıldığı kimi Gəncəyə yox,  ilk dəfə Cavad qəzasının Petropavlovka yaşayış məntəqəsinə, indiki Sabirabad rayonuna üz tutur. Abbas Səhhət rayonda dayısı oğlu Mirsahib ağanın evinə gəlir. Deyilənə görə, o, 2 aya qədər burda yaşayır.

İlk günlər Abbas Səhhət evindən əlyazmalarını götürə bilmədiyinin xiffətini çəkirmiş.
Şairin nəvəsi Faiq Mehdiyev: “Atam deyir ki, gördüm o, çox narahatdır. Dözə bilmir, əlyazmalarının fikrini edir. Odur ki, mən  Səftərlə birgə qayıtdıq Şamaxıya. Şamaxıda, evə çatdıq. Gördük ev yanıb, kül olub, heç zad yoxdur, əliboş qayıtdıq geri”.

 Artıq Petropavlovkada yaşaya bilməyəcəyini görən Abbas Səhhət işləmək üçün Gəncə şəhərinə gedir. 20 gündən sonra o, Gəncədə dünyasını dəyişir. Dəfndən qayıdan zaman gözləri tutulmuş Atası Əliabbas kişi quyuya düşərək boğulur. Onun meyiti quyudan  çıxarılaraq qəbiristanlıqda dəfn edilir. İndi Sabirabadda Mehdiyevlər ailəsində Abbas Səhhətdən 9 yaşında dünyasını dəyişmiş qızı Ruqiyyə ilə çəkdirdiyi yeganə şəkil qalıb. Balıq sümüklərindən hazırlanmış külqabısı isə 30 il bundan öncə yoxa çıxıb. 

Şairin doğmaları ermənilər Şamaxıda evlərini yandırarkən əlyazmaların onlar tərəfindən götürüldüyünü və öz adlarına çıxartdıqlarını güman edirlər. Bu gün Abbas Səhhətin faciəli həyatının qaranlıq qalmış səhifələrinin gələcək nəsillərə çatdırılmas üçün araşdırılması və tədqiq olunması isə olduqca vacibdir.