Zalkaliani: “Azərbaycan bölgədə mühüm oyunçu kimi geostrateji layihələri inkişaf etdirir”

14:00 19-06-2021 436

“Birbaşa danışıqlar və təmaslar, əməkdaşlıq olmadan regionda uzunmüddətli sülh əldə edilməyəcək”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” panelində çıxışında deyib.

O, Cənubi Qafqaz bölgəsindəki hər bir ölkənin üstünlüklərinin və rolunun olduğunu bildirib: “Strateji tərəfdaşımız Azərbaycanın öz rolu var. Azərbaycan bölgədə mühüm oyunçu kimi Xəzər dənizindən neft və qazı Gürcüstan vasitəsilə Türkiyəyə nəql edən geostrateji və geosiyasi cəhətdən mühüm layihələri inkişaf etdirir. Bu layihələr gələcəkdə daha da genişləndirilə bilər".

XİN başçısı qeyd edib ki, Ermənistanın regional əməkdaşlıqla bağlı müzakirələrə cəlb edilməsi Cənubi Qafqazda gələcək sülh və inkişaf üçün əlverişli mühit yarada bilər.