Qəbələdə qayalıqdan yıxılan şəxsi xilas edildi - VİDEO

17:00 26-06-2021 295

Qəbələ rayonu, Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən bir nəfər yüksək qayalıqdan sürüşərək çaya yıxılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda qeyd olunub. 

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Qəbələ rayon sakini 1988-ci il təvəllüdlü Talıbov Vasif Şakir oğlu Muçuq şəlaləsinə gedərkən sürüşərək hündürlüyü 60-70 metr olan qayalıqdan çaya düşüb.

Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərib, xərəklə bir neçə kilometr çətin keçilən ərazi ilə piyada təxliyə edərək aidiyyəti üzrə təhvil veriblər.