YAXŞIDI

 

14:57 08-07-2021 477

Azaldıqca tanıdığın adamlar,

Salamının sayı get-get azalar.

Nadan adamlarda hər cür üz olar,

Mərd kişilər elə dən-dən yaxşıdır.

 

Lovğa-lovğa ustadını süzmə çox,

Təbin yoxsa, gəl özünü üzmə çox.

Adi sözü misralara düzmə çox,

 Elə beyt var, bütöv bənddən yaxşıdır.

 

Bu dünyanın vədlərinə aldanma,

Haqq deyənin sözlərini, sən danma.

Hər gün dərdi, qəlbə geyib dolanma, 

Sevinc ara, sevinc dərddən yaxşıdır

 

Nuh Nəbidən bədxahlara söyüblər,

Halal kəsin çörəyini yeyiblər.

“Zər qədrini zərgər bilər deyiblər”,

Bal kimi söz şirin qənddən yaxşıdır.

 

Adam var ki, həqiqəti tutar yol,

Adam da var haqq yolunda olar kor.

İki üzlü, riyakardan uzaq ol,

Deməyinən, namərd mərddən yaxşıdır.

 

Zaman arxın Tanrı çəkib dünyada,

Elman bir bənd qurammazsan orada.

Zaman səni atıb sönməz bir oda,

Oda sədd  çək, o səd bənddən yaxşıdır.

Elman İsrafiloğlu Bakı. "Ay işığına gedən yol"