MEDİA nümayəndəsi şəhid ailələrindən pul alanlara: “İnsan nə qədər vicdan və ləyaqət hissini itirsin ki...”

15:00 10-07-2021 303

Sosial şəbəkələrdə jurnalist adına xələl gətirən, cəmiyyətdə mediaya olan inamı sarsıdan bir sıra məlumatlar paylaşılır. Bu məlumatlar isə özünü “jurnalist” kimi təqdim edən bir qrup şəxsin atdığı insanlıqdan kənar addımlar nəticəsində yaranır. 

HerGun.Az xəbər verir ki, söhbət şəhid ailələrinin qapısını döyərək, onlar barəsində pul müqabilində yazılar hazırlayan dələduzlardan gedir. 

Mövcud vəziyyət barədə Medianın İnkişafı Agentliyinin Media (MEDİA) subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli sosial şəbəkədə paylaşım edib.

O, öz paylaşımında bu cür hərəkətləri pisləyib: 

“Çox utanc verən, jurnalist peşəsini cəmiyyətin gözündən salan biabırçı faktla üz-üzəyik! Özünü “jurnalist” kimi təqdim edən bir dəstə dələduz şəhid ailələrindən material hazırlamaq, guya “Şəhid övladlarını təbliğ etmək” adı altında pul alırlar. İnsan nə qədər vicdan və ləyaqət hissini itirsin ki, belə şərəfsizliyə imza atsın! Bunu hiddətlə pisləyirik!

Xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, jurnalistikanın təməl prinsiplərini, etik davranış qaydalarını əsas götürərək peşə borcunu yerinə yetirən Azərbaycan jurnalisti, məsuliyyətli media təmsilçisi heç vaxt belə addım atmaz”.

N.Məmmədli bu məsələnin gətirib çıxardığı iki nəticə barədə də fikir bildirib:

“Bu hadisədən iki nəticə çıxarmaq olar. Tək jurnalistin yox, bütün cəmiyyətin media savadlılığı istiqamətində hamımız fəallığımızı artırmalıyıq. İkinci isə “Kimdir jurnalist” sualına cəmiyyətin cavabı aydın olmalıdır. Bu baxımdan jurnalistin sosial statusunu konkretləşdirən və təəssüf ki, bəzilərinin anlaşılmaz münasibət sərgilədiyi vahid “Jurnalist vəsiqəsi”nin aktuallığı burada özünü göstərir. 

Həmkarlarımız, ciddi media təmsilçiləri haqlı olaraq şəhid ailələrinə qarşı belə addım pisləyir. İctimai qınaq zəruridir və buna hər kəs öz münasibətini bildirməlidir”.