“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlayıb - FOTO

18:20 10-07-2021 293

“Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçirilir. Açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edirlər.

Finalın açılış mərasimində çıxışlarda vurğulanıb ki, “Yüksəliş” müsabiqəsi ölkəmizdə peşəkar idarəçi, qabaqcıl mütəxəssis potensialının aşkara çıxarılması məqsədilə ərsəyə gəlmiş mühüm layihə və əhəmiyyətli təşəbbüsdür.

Qeyd edək ki, müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilir. Bu təcrübə ölkəmizdə imtahan sistemində ilk dəfə tətbiq edilir. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur.

Finalda strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılır.

İki gün davam edəcək final mərhələsinin ilk günündə müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 112 namizəd qalibiyyət uğrunda mübarizə aparır. Finalda seçilən 20 nəfər qalibin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.