Bakıda sudan qanunsuz istifadə halları aşkarlandı - FOTO

21:00 12-07-2021 298

Bakının Suraxanı rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış zamanı içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

“Azərsu” ASC-dən verilən məlumata görə, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, AB massivi 80 ünvanında həyata keçirilən nəzarət tədbirləri zamanı ət kəsimi məntəqəsində sudan uçotsuz istifadə faktları üzə çıxıb.

Məlum olub ki, obyekt sahibi əhali su xəttinə qoşulmaqla üç müxtəlif nöqtədən özbaşına su xətti çəkib.

Rayonun Dədə Qorqud qəsəbəsində isə ferma və əkin sahəsinin sayğacdankənar çəkilmiş su xətti vasitəsilə sulandığı aşkarlanıb. Yoxlama zamanı məlum olub ki, sahibkar texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərinə qanunsuz müdaxilə edib.

Fakt aşkarlanan kimi əraziyə texnika cəlb edilərək obyektin su təchizatı dərhal dayandırılıb. Sudan qeyri-qanuni istifadə halı sənədləşdirilərək akt tərtib edilib və dəymiş ziyan hesablanıb.

Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində Qum bazarı adlanan ərazidə də içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Obyektin sahibləri texniki şərt almaq, müqavilə bağlamaq və qanuni şəkildə sudan istifadə etmək əvəzinə yaxınlıqdakı həyət evlərindən keçən su xətlərinə qeyri-qanuni müdaxilə etməklə kifayətləniblər. Hövsan qəsəbəsi Quşçuluq adlanan ərazidə isə bəzi fərdi yaşayış evlərinə icazəsiz su xətləri çəkilib.

Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib. Eyni zamanda, içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə vətəndaşlar və sahibkarlar ətraflı məlumatlandırılıb.