Rüşvət alanlar, yetim haqqı yeyənlər qalıb bir tərəfdə biz şort davası edirik

17:00 13-07-2021 313

Əsrimiz olub 21, ilimiz də 2021. İlon Mask hər həftə kosmosa Falconla nəsə göndərir. Oradan nəsə gətirir. Bir azdan karqo şirkəti açsa təəccüblənmərəm.

Çin texnoloji yeniliklər üzrə birinci yerə çıxmaqdadır. Hər gün nəsə yeni bir texniki avadanlıq yaradır. Tibdə, kosmetologiyada, avtomobil sənayesində, ağır və yüngül sənayedə. Çin investorları Avropa şirkətlərini əldə edirlər. İstehsal gücünü qaldırırlar.

Almaniyanın “BioNTech” şirkətinin qurucusu, Almaniya vətəndaşı olan türk əsilli həkim, akademik, immunoloq, onkoloq Uğur Şahin isə bir qrup alimlə xərçəng vaksini üzərində işləyir. Alim bildirir ki, bu vaksinlərlə xərçəng xəstəliyinin müalicə daha tez başa gəlir. Ən əsası isə preparat bahalı deyil. Həm də bu preparat xərçəng immunoterapiyasında bütün xərçəng növlərinə tətbiq edilə bilər.

Əgər bu alınsa təsəvvür edin ki, nə qədər insan bu bəladan xilas olacaq. Almaniya dağılır, onlardan yazmayacağam. Yəni, qısaca onu demək istəyirəm ki, dünya yeni bir inkişaf etapındadır.

Bu dəfə texnoloji sıçrayış daha böyük və miqyaslı olacaq ki, bunun hansı nəticə ilə bitəcəyi heç kimə bəlli deyil. Əsas məsələ isə odur ki, bu inkişaf labüd və qaçılmazdır. Amma bizdə nə baş verir? Hər gün hansısa icra nümayəndəsinin hansısa vətəndaşa qarşı etdiyi haqsızlığı görürük, eşidirik. Hansısa həkimin rüşvət qarşılığnda kiminsə uşağını əsgərlikdən saxladığını eşidirik. Hansısa professorun savadsız tələbəyə həkimlik diplomunu verdiyi barədə xəbər eşidirik. Şərəfsizlik edib, kimisə şərləyib onun evini dağıdanlar barədə eşidirik.

Yəni bu sadaladığımı uzatmaq da olar. Və bunu sübut edən yüzlərlə fakt var, həm sizdə, həm də məndə. Amma biz bütün bu ədalətsizliyi, haqsızlığı atırıq bir kənara, başlayırıq şort davası etməyə. Çünki elə ki, bir nəfər başlayır nəsə tələb etməyə, yanındakılar deyir ki, “ay qardaş, sənə bu lazımdır?”. Kimsə harasa ərizə yazanda, elə qohum-qonşu deyir ki, yazma, başın ağrıyacaq. Heç kim demir ki, bu sənin haqqındır, hüququndur tələb eləməlisən.

Ən yaxşı halda qohum-qardaşdan kimsə “adam” tapacaq, “şirinliklə” həll edəcək məsələni. Sonra da deyirlər ki, qanunlar işləmir. Çünki işləməyə qoymuruq. Bir balaca pulu olan adam deyir rüşvətlə tez həll edim işimi. Əgər bir cəmiyyət düzəlmək istəmirsə, heç bir tribunal, heç bir məhkəmə onu düzəltməyəcək.

Elə bu gün, Şəkinin Kiçik Dəhnə kəndində yenə 15 yaşlı qızı ərə veriblər gedib. Videosu da var. Videoda bir qadın deyir ki, “səsin aşağı elə, körpədir, polislər tutarlar”. Digəri də əminliklə cavab verir, “tutmazlar”. Hər gün deyirik, qışqırırıq, ay xalq, ay millət, etməyin belə. 15 yaşında uşağı evləndirmək olmaz. Yetkinlik yaşına çatmalıdır. Kimə deyirsən? Yenə də bir ağsaqqal çıxıb deyəcək ki, bizim vaxtımızda da belə idi. “Səs eləmə, hay-küy salma, sənə qalmayıb” deyənlərin bir zəif nöqtəsi var. O da şort geyinənlərdir.

Bu şort nə bəladırsa, heç cürə müəyyən edə bilmirik xalqla şortun münasibətini. Kişi də geyinir vay, qadın da. Mövzunu uzatmıram, bilirsiniz. “Qısa geyinən qadınları zorlayın!” çağırışını edən şəxsi, dünən bölməyə apardılar. Və aydın məsələdir ki, bölməni ziyarət edəndən sonra, aparılan tərbiyəvi söhbətlərdən sonra, həmin şəxsin zehni və zəkası işıqlandı və “üzrnamə” videosu çəkdi.

Videoya baxmamışam, heç maraqlı da deyil. Amma maraqlı odur ki, bu “zorlama” aksiyasına xeyli adam dəstək oldu. Çoxu yazdı ki, qəşəng fikirdir. Qorxuludur, bəli. Vəhşilikdir, bəli. Bizə kütləvi ağıl vaksini lazımdır. Dərketmə vaksini lazımdır.

Maraqlısı odur ki, həqiqətən əxlaqsız həyat tərzi keçirən, pula görə hansısa xidmət göstərənlərə, qadın-kişi fərqi yoxdur, söz deyən yoxdur. Məhz onlar hansısa kef məclislərində yuxarı başda oturur, bahalı maşınlarda, evlərdə yaşayır. Üst-başları bərq vurur.

Deməli pulu olana gücünüz çatmır, “bəy əfəndilər”! Sizinki elə tələbə qız-oğlanlardır. Gücü, pulu olmayan uşaqlar. Nə var onları ələ salmağa. Bahalı maşından düşən, saçı, kirpiyi qaynaq, 2000-lik telefonla, şortlu qadına görüm kimin hünəri çatır söz deməyə? Hələ zorlanma bir kənara qalsın. Sizi elə “zor” gününə salar ki, nəsil-nəcabətiniz sizi tanımaz. “Harop”un altından çıxan erməni tankının gününə qalarsınız.