Qarabağdan Yerevana erməni hərbçilərin aparılması təsdiqlənib

13:18 13-08-2019 440

Separatçı Dağlıq Qarabağ bölgəsinin keçmiş “Müdafiə naziri”, hazırda Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi Movses Akopyan 2008-ci ilin fevral-martında, prezident seçkilərindən sonrakı hadisələr zamanı Dağlıq Qarabağdan Ermənistana qoşunların göndərilməsini şərh edib.

M.Akopyan “Radio Azatutyan”a müsahibəsində deyib ki, o, hərbçidir və əmri icra edib.  

General Samvel Karapetyanın dindirilməsi ilə bağlı dərc edilmiş protokoldan məlum olub ki, 2008-ci il fevralın 23-də Dağlıq Qarabağdan 300 hərbçi, ardından daha 400 hərbçi göndərilib. S.Karapetyan həmin dindirmə zamanı qeyd edib ki, bu dövr ərzində erməni tərəfi Dağlıq Qarabağda hərbi mövqelər itirib.

M.Akopyan sözügedən məsələni şərh edərkən deyib ki, istintaq sirri sayılan materialların niyə dərc olunduğunu bilmək lazımdır.

S.Karapetyan dindirilmə zamanı bildirib ki, operativ qərargahdan təlimatlar alıb, lakin onun haradan olduğunu bilməyib.

M.Akopyan da operativ qərargah haqqında məlumata malik olmadığını vurğulayıb.