Bərdə və Tərtərdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

11:40 16-07-2021 409

Bərdə və Tərtərdə karantin qaydalarını pozan restoranlar və toy məclisləri müəyyən edilib.

Bərdə Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən üç şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı “Rauf Qoç” və “Ağsaray” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Mətin” şadlıq sarayında toy məclisi zamanı qonaqların müəyyən edilən saydan çox olduğu aşkarlanıb.

Baş vermiş qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən digər məlumata görə, Tərtər Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının birgə keçirdikləri yoxlamalar zamanı Tərtər rayonun Sarov və Köçərli kəndlərində yerləşən iki fərdi yaşayış evində keçirilən toy məclislərində müəyyən edilmiş saydan artıq şəxsin toplaşdığı aşkar edilib.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.