“Arsenal”ın maskalı hücumçusu cəzalandırıldı - FOTO

09:18 15-03-2019 15

İngiltərənin “Arsenal” klubunun futbolçusu Pyer-Emerik Obameyanq UEFA Avropa Liqasında qeyri-adi qol sevincinə görə cəzalandırılıb.

HerGun.Az xəbər verir ki, qabonlu hücumçu Fransanın “Ren” komandası ilə dubl etdiyi oyunda (3:0) 72-ci dəqiqədə ikinci qolunu vurub.

O, daha sonra qara bəbir maskası geyinərək vurduğu qolu qeyd etməyə başlayıb. Buna görə də afrikalı futbolçu sarı vərəqə ilə cəzalandırılıb.

“Mən “Mançester Yunayted”lə oyun üçün xüsusi qol sevinci planlaşdırmışdım. Stadion işçisinə maskanı qapının arxasına qoymağı xahiş etmişdim. Lakin penaltidən qol vuranda onu tapa bilməmişdim.
 
Mənə özümü təmsil edən maskaya ehtiyacım vardı. Afrika və Qabonda biz “qara bəbir” adlandırılırıq. Bu səbəbdən bu maskanı geyindim”, – deyə Obameyanq bildirib.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq Dortmund “Borussiya”sında oynadığı vaxtlarda da qol sevinclərini maska taxmaqla bayram edib. O, Almaniyada oynadığı vaxt “Bətman” (Batman) və “Hörümçək Adam” (Spiderman) maskalarından istifadə edib.

Səbuhi MUSAYEV